Şərur, Babək, Ordubad və Sədərəkdə ATS-lərin internet tutumları artırılır

A- A A+

Rabitə sistemində yeni texnologiyaların tətbiqi günümüzün tələbləri sırasındadır. Bu məqsədlə Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində və kəndlərdə də telekommunikasiya sistemlərinin qurulması, əhalinin dayanıqlı rabitə və  yüksəksürətli internet xidmətlərilə təmin olunması istiqamətində işlər davam etdirilir. Genişzolaqlı internet şəbəkəsini genişləndirmək üçün avtomat telefon stansiyalarında internet tutumları tələbata uyğun olaraq artırılır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədilə Şərur rayonunun mərkəzində 2 ədəd və Düdəngə kəndində isə 1 ədəd 32 yerlik internet plataları mövcud HUAWEİ NGN tipli avtomat telefon stansiyalarına əlavə edilib. Bunlarla yanaşı, Babək rayonunun Cəhri qəsəbəsində, Ordubad rayonunun Dəstə və Sədərək rayonunun Dəmirçi kəndlərində də istismarda olan yeni nəsil avtomat telefon stansiyalarına ümumilikdə 3 ədəd 32 yerlik internet plataları artırılıb. İnternet tutumunun artırılması nəticəsində 200-ə yaxın internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaradılıb.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Şərur, Babək və Şahbuz rayonlarının da bir sıra yaşayış məntəqələrində əhalinin internetə olan tələbatının ödənilməsi məqsədilə mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılıb, nəticə etibarı ilə 1300-dən artıq istifadəçi genişzolaqlı internetlə təmin olunub.

Digər bölgələrdə də əhalini yüksəksürətli, genişzolaqlı xidmətlərlə təmin etmək üçün mövcud avtomat telefon stansiyalarının şəbəkə tutumlarının genişləndirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: