Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən may ayında da diqqətdə saxlanılıb.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, ötən ay 514 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 443 texniki sənəd hazırlanıb, yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilib, 83 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Həmçinin səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşın müraciətinə baxılıb, 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 2 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Qeyd olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi məqsədilə Sədərək rayon inzibati ərazi vahidi daxilində bələdiyyələr üzrə kənd təsərrüfatı yerləri (uqodiyaları), nəqliyyat, kommunikasiya xətləri, kanal və kollektorlar, mövcud meşə zolaqlarının əhatə etdiyi ərazilər müəyyənləşdirilib və elektron kadastr xəritəsində uçotu aparılıb. Babək rayonu üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair məlumatların daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilməsi yekunlaşdırılıb, ay ərzində 1232 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.
Bundan başqa Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Kəngərli rayonunun Böyükdüz və Şahbuz rayonunun Ağbulaq kəndlərində bələdiyyə sədrləri, ailə təsərrüfatı başçıları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə hesabat ayında Şərur rayonunun Axura, Şahbuz rayonunun Türkeş, Kiçikoba, Daylaqlı, Mərəlik kəndlərinin və Kəngərli rayonunun bütün yaşayış məntəqələrinin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.