BMT-nin Baş katibi bəşəriyyəti təbiəti qorumağa çağırıb

A- A A+

Okean planetdə mövcud olan oksigenin 50 faizdən çoxunu yaradır. O, bir milyarddan çox insan üçün dolanışıq vasitələrinin əsas mənbəyidir. Bununla bərabər, okeanın resursları və biomüxtəlifliyi insanın fəaliyyəti ilə əlaqədar təhlükə altındadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 8-də qeyd edilən Ümumdünya Okeanlar Günü münasibətilə BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində bu mövzuya toxunulur.

Baş katib xatırladıb ki, keçən il dörd ən mühüm iqlim göstəricisi misilsiz yüksək səviyyəyə çatıb: dənizin səviyyəsinin artması; okeanın istiləşməsi; okeanın turşulaşması və istixana qazlarının konsentrasiyası. Quterreş vurğulayıb: “Tamamilə aşkardır ki, iqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi və çirklənmə kimi üçqat böhran bizim okeanlarımızın vəziyyəti üçün təhlükə yaradır, halbuki son nəticədə biz hamımız onlardan asılıyıq”.

Dünyada təqribən 40 milyon nəfər okeanla bağlı sahələrdə çalışır. Lakin məhz insanın fəaliyyəti ilə əlaqədar okeanın resursları məhv olmaq təhlükəsi qarşısındadır. Dünyada balıq ehtiyatlarının üçdəbir hissəsindən çoxu bioloji baxımdan qeyri-sabit səviyyədə hasil edilir. Mərcan riflərinin xeyli hissəsi məhv edilib. Plastik kütlə şəklində zibilə bu gün ən ucqar adalarda və okeanların ən dərin yerlərində rast gəlinir. BMT rəhbəri xəbərdarlıq edib: “Sahilyanı “ölü” zonaların sahəsi artır”.

Bəşəriyyət dərk etməlidir ki, okeanların qorunub saxlanması ilə bağlı tədbirlər görülməsə, iqlimə dair Paris Sazişində qarşıya qoyulmuş davamlı inkişaf hədəflərinə nail olmaq qeyri-mümkündür.

Antonio Quterreş “təbiətə qarşı deyil, onunla birlikdə” işləməyə və okeanların qorunması sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb.

İyun ayında Lissabonda BMT-nin okeanlara həsr edilmiş konfransı keçiriləcək. Konfrans iştirakçıları davamlı inkişaf sahəsində 14-cü Məqsədin yerinə yetirilməsinin gedişini, həmçinin “Milli yurisdiksiyanın qüvvədə olmadığı rayonlarda dənizin bioloji müxtəlifliyinin qorunub saxlanması və ondan davamlı inkişaf haqqında” yeni Sazişi müzakirə edəcəklər.

BMT rəhbəri deyib: “Okeanın sağlam vəziyyətinin və məhsuldarlığının təmin edilməsi üçün biz kollektiv məsuliyyət daşıyırıq, biz buna yalnız ümumi səylərlə nail ola bilərik. Bu gün, Ümumdünya Okeanlar Günü münasibətilə mən dünya okeanının sağlamlığının əhəmiyyətini dərk edən hər kəsi bu sahədə səyləri birləşdirməyə çağırıram”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: