NUHÇIXAN xəbər verir ki, bu il Naxçıvan şəhərinin Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi münasibətilə şəhərimizdə keçiriləcək “Avropa Günləri” ilə bağlı tədbirlərə bu gündən start veriləcək. Sentyabr ayının 21-dən 23-dək davam edən tədbirlərdə Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edəcək.
Tədbir çərçivəsində Avropalı qonaqlar Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyi, Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini və digər yerləri gəzəcəklər. Həmçinin orta məktəblər, universitetlərlə tanışlıq olacaq, dil kursları təşkil ediləcək. Bir sıra sosial və iqtisadi yönümlü proqramların da təqdimatı nəzərdə tutulur. Rəsmi görüşlərdən sonra KİV nümayəndələri üçün Mətbuat konfransı da keçiriləcək.
Sentyabrın 23-də saat 14:00-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa Günləri” keçiriləcək. Burada “Avropa Şəhərciyi”nin təqdimatı olacaq. Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə açıq hava altında konsert proqramı təşkil ediləcək. Qonaqlar Naxçıvanın tarix və mədəniyyət abidələrini gəzəcək, turizm infrastrukturu ilə tanış olacaq, təhsil ocaqlarında müxtəlif görüş və konfranslar keçirəcəklər.