Milli Qurtuluş Günü ərəfəsində 47 ailənin məşğulluğu təmin edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Milli Qurtuluş Günü ərəfəsində növbəti aktivlər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Onlardan 18 ailənin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə otbiçən aqreqat, 3 nəfərin hər birinə 10 yeşik arı ailəsi və ləvazimatları, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələlərdən 2-ni şəhid ailəsi üzvləri, 6-nı müharibə veteranı, 3 nəfərini nikahı pozulan, 4 nəfərini ailə başçısını itirən, 18 nəfərini isə sağlamlıq imkanları məhdud olan şəxslər təşkil edib. Eyni zamanda təsərrüfatını nümunəvi inkişaf etdirən bir nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub və ona bu məqsədlə arpa-buğda qıran aqreqat verilib.
Milli Qurtuluş Günü ərəfəsində aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, bugünədək, ümumilikdə 5 min nəfərə yaxın üzvü olan 1076 ailənin özünüməşğulluğu təmin edilib. Bununla yanaşı verilmiş aktivlərdən təyinatına uyğun istifadə və digər zəruri işlərlə bağlı proqrama cəlb edilən sakinlərlə maarifləndirici görüşlər təşkil olunub.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev isə qeyd ediblər ki, proqramın icrasında bir sıra kommersiya təşkilatları və sahibkarlıq subyektləri də sosial tərəfdaş qismində iştirak edir. Sosial qayğıya ehtiyacı olan 6 ailə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanmış Memorandum çərçivəsində müvafiq aktivlərlə təmin olunub. Belə ki, bir ailə üzvünə kiçik dəmirçi sexi üzrə avadanlıqlar, 5 nəfərə isə dərzi avadanlıqları və ləvazimatları verilib. Həmçinin sahibkarlıq subyektləri tərəfindən isə 10 sosial qayğıya ehtiyacı olan ailə özünüməşğulluq proqramına cəlb olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev, özünüməşğulluq proqramının icrasında sosial tərəfdaş qismində iştirak edən sahibkar Namiq Novruzov çıxış ediblər.
Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.
Xosrov İbrahimov