İnsan orqanizmində immunitetin aşağı olması istənilən fəsildə xəstələnməyə imkan verir. Ona görə də immunitetin gücləndirilməsi ən yaxşı üsuldur. İmmunitet orqanizm üçün müdafiə funksiyasını yerinə yetirir. Onu xəstəliklərdən, arzuolunmaz bioloji hücumlardan qorunmaq üçün mütəmadi olaraq düzgün qidalanmaq lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova deyib: “Qış mövsümündən çıxandan sonra növbəti mövsümlərə hazırlıq üçün immunitet sistemini gücləndirmək lazımdır. Bunun üçün ilk növbədə düzgün qida rasionu seçilməlidir və sağlam həyat tərzi bu sahədə mühüm rol oynayır. Daha çox süd və süd məhsulları, dənli, paxlalı bitkilər, tərkibində askorbin turşusu olan sitrus bitkiləri-portağal, mandarin, limon, arı südü, bal və s. kimi qidalar immuniteti gücləndirir”.
Hazırda xəstəliklərin profilaktikası kimi immun dərmanlarının qəbulu az qala dəbə düşüb. Həmin preparatların müsbət və mənfi təsirləri var. Mütəxəssislər immuniteti gücləndirmək üçün qida və preparatlardan düzgün istifadəni tövsiyə edirlər, çünki onların qeyri-düzgün qəbulu müxtəlif fəsadlar törədə bilər. Ona görə də immun sisteminin profilaktikası üçün sağlam həyat tərzi və vitamin qəbulu kifayətdir. Həkim-terapevtin dediyinə görə, tez-tez, mütəmadi olaraq xəstələnmək, özünü ümumi halsız hiss etmək, əmək qabiliyyətinin azalması və s. keyfiyyətlər immunitetin zəifləməsini göstərən amillərdir.
Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan yeni növ koronavirusa (COVID-19) qarşı müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, qətiyyən doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi qəbul etmək lazımdır.