“Vikipediya”da Azərbaycanın Milli Qurtuluş Günü haqqında özbək dilində bölmə istifadəyə verilib

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Respublikasında rəsmi bayramlardan biri olan “Azərbaycan xalqının Milli Qurtuluş Günü” adlı bölmə istifadəyə verilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib. Bildirilib ki, bölmənin yaradılmasında əsas məqsəd müstəqillik qazandıqdan sonra Azərbaycan tarixinin çətin, keşməkeşli, mühüm və həlledici bir dövrünə işıq salmaq, 15 İyun tarixinin dövlətçiliyimizin, müstəqilliyimizin xilası yolunda əhəmiyyəti və ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini Özbəkistan ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” heyəti tərəfindən yaradılmış bölmədə ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illərdən müstəqilliyimiz üçün yaranan təhlükələr, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə yaranan xaos, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü barədə məlumat verilir, eyni zamanda, Vətənin bu ağır günlərində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması, müstəqilliyimizin xilası üçün xüsusi fədakarlıq göstərməsi diqqətə çatdırılır.

Qeyd olunur ki, tarixdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etmək şansı qazanan Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, dövlət institutlarının, iqtisadiyyatın formalaşdırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və nəhayət, Azərbaycanın parçalanmaqdan xilas edilməsi ulu öndər Heydər Əliyevin qarşısında duran ən mühüm vəzifələr idi.

Bölmədə vurğulanır ki, müstəqilliyin ilk illərində daxili və xarici siyasətdəki uğursuzluqlar, Azərbaycana qarşı siyasi və iqtisadi təzyiqlər, ölkənin müxtəlif bölgələrində separatçı qüvvələrin fəallaşması nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycanın belə bir ağır vəziyyətində əhalinin əksəriyyəti müstəqillik üçün yaranan təhlükədən xilas yolunu dünyaşöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Heydər Əliyev bütün bu çətinlikləri yenərək, Azərbaycanın müstəqilliyini xilas etmiş, bu tarixi missiyanın öhdəsindən şərəflə gəlmiş və öz adını əbədi olaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

“Vikipediya” elektron ensiklopediyasında yaradılan “Ozarbayjon xalqining Milliy najot kuni” adlı özbək dilində bölmədə 1997-ci ildən Azərbaycanda Milli Qurtuluş Gününün rəsmən qeyd olunduğu bildirilir. Bölmədə Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı ədəbiyyat siyahısı verilib və fotoşəkillər yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: