Modern dünyanın həngaməsindən uzaqda və ya torpaqla, təbiətlə iç-içə

A- A A+

Zəngin və müdrik torpaqlarda yaşayırıq. Nuhun binə saldığı bu müqəddəs məkan hər tərəfdən hündür dağlarla əhatələnmiş dərəni xatırladır. Ətrafımızda gördüyümüz göz işlədikcə uzanıb gedən görkəmli dağlar və torpaqlara can verən güclü çaylar xeyli zamandır buranı özlərinə məskən ediblər. Onlar bizdən çox qədimdirlər. Təbiət milyonlarla ildə səbirlə, əzmlə yaşadığımız ekosistemi formalaşdırıb. Yaşadığımız təbiət bizə - yəni insana ana şəfqəti ilə yanaşaraq hər keçən gün yeni bir şey öyrədir. Min illər əvvəl insan bu torpaqlarda taxıl istehsalını kəşf etdi. Elə hər şey də bununla başladı... Kənd təsərrüfatının inkişafı ilə bu torpaqlar mədəniyyətin inkişaf beşiyinə çevrildi.

İnsan ilk dəfə buğdanı emal etməyi öyrənən əcdadına görə artıq daha çox inkişaf edib. Həyatı boyunca aclıq nədir bilməyən bu torpaqların insanları bu gün bilik ehtiyatını da, istehsal təcrübələrini də, məhsul çeşidlərini də artırıb. Təbiətlə işləməyin, həyat qaynağı olan bitkiləri istehsal etməyin, heyvanlardan fayda əldə etməyin min bir yolunu kəşf edib. Yaşadığımız məmləkətin hər yerindən axan saf sular insanların əkib-biçməyi öyrəndiyi bapbalaca toxumları, kiçicik fidanları adam boyunu keçən tarlalar, bağlar halına gətirir. İndi insan istehsal etdiyi məhsulu qoruyan, qayğısına qalan, çoxaldan müdrik bir varlıqdır. Özünə əkinçi, heyvandar, fermer, ailə təsərrüfatçısı, kənd təsərrüfatı məhsulları istehsalçısı deyir. Sahib olduqlarını dərk edir və daha artığını istehsal etməyə çalışır.

Kənd təsərrüfatı sadəcə bir sənaye, bir iş növü, məşğuliyyət, ya da hobbi deyil, bundan daha artıqdır. Bir yaşam tərzi, bir həyat fəlsəfəsi, köklərimizdən gələn bir məfhumdur. Təsərrüfatçılarla maraqlansanız, onlardan bir şeyi eşidib öyrənərsiniz; bu insanlar səhər tezdən oyanıb gedib bitkiləriylə, heyvanlarıyla söhbətləşirlər. İstini, soyuğu,  yağışı, küləyi hiss edirlər hər gün. Bunları yaşamayan, təcrübədən keçirməyən birinə bunu izah etmək çox çətindir.

Təsərrüfatçı olmaq bir peşədir, desək, yanılmarıq bəlkə də. Hamımız təsərrüfatçı ola bilmərik. Təsərrüfatçı ola bilmək üçün torpağı sevmək, torpaqla ünsiyyət qurmağı bacarmaq, keçmişin təcrübələrindən yararlanmaq və onları gələcək nəsillərə ötürməyi bacarmaq lazımdır. Hər sonrakı nəsil torpağı əmanət aldığını və bu torpaqların hamımızın olduğunu dərk edərək hərəkət etməlidir.

Yaşadığımız bu torpaqların bir məziyyəti var; olduqca rəngli bir torpaq formasına, torpaq keyfiyyətinə və coğrafiyasına sahibdir. Bu torpaqlarda, bu iqlimdə yetişməyən çox az məhsul var. Min illərdir ki, insanların tər tökdüyü bu torpaq heç vaxt zəhməti qarşılıqsız, əziyyəti bəhərsiz, torpağa tökülən təri zərsiz qoymayıb. Görülən hər bir işin qarşılığını qat-qat artıqlaması ilə geri ödəyib: sözün hər iki mənasında. Ona görə də bu yerlərin insanları həmişə torpağa, zəhmətə bağlı olub. Əkib-becərib, yetişdirib, çoxaldıb və istehsal etdiyi məhsulla həm özünü, həm də məhsul istehsal edə bilməyənləri təmin edib.

Toplayıcılıqdan əl çəkib özünü öz istehsalı olan məhsulla təmin etmək, kənd təsərrüfatı ilə məşğul olmaq arzusu insanları köçərilikdən oturaq həyata bağladı. Bu zərif sərmayə insanların gələcəyini təminat altına ala biləcək ən dəyərli xəzinədir. Zamanın bizə gətirdiyi yeni imtahanlardan sonra - pandemiya dövründə biz yenidən və daha yaxşı anladıq ki, ona gözümüz kimi baxmalıyıq. Heç gözləmədiyimiz bir anda gələcəyimizin havaya, torpağa, suya, təsərrüfatçılarımıza, qısacası kənd təsərrüfatına nə qədər bağlı olduğunu bir daha dərindən hiss etdik. Baş verənlər belə bir nəticəyə gəlməyə imkan verir: bəlkə qocaman və müdrik təbiət bizə nə isə danışmaq istəyir?

Kənd təsərrüfatına xidmət edərkən təbiəti incitməyin, zərər verməyin, müşahidə edin. Ondan öyrənməli olduğumuz çox dərs və faydalar var. Başqasının fəlakəti üstündə səadət qurmaq olmaz. İnsanoğlu çox uzun zaman təbiətin fəlakəti üzərində səadət qurmağa çalışıb. Yaşadığımız pandemiya tam da bizim demək istədiyimizi dedi.

Təbiətə ziyan verməməyi öyrənməlidir insan. Sadəcə bir qida mənbəyi var; torpaq və bu mənbəni təkcə insanlar istifadə etmir. İnsan mövcud ehtiyatların hamısını özü üçün istifadə etməyə çalışsa, təbiətdə yaşayan digər canlıların - heyvanların, quşların, böcəklərin qida mənbələrini məhv edər. Canlıların təbii qida ehtiyatları tükəndiyi zaman isə yaşadıqları əraziləri tərk edib insan məskənlərinə gəlirlər və bir çox xəstəlikləri insanlara yoluxduraraq epidemiyalar yaradırlar.

Son 50-60 ildir ki, Yer kürəsinin ritmi dəyişir. İnsanoğlunun seçdiyi həyat tərzindən, istehsal formasından, istehsal və istehlak modelindən qaynaqlanaraq qlobal istiləşmə, ozon qatı problemi, karbon qazının çoxalması, quraqlıq, eroziya çoxalır. Daha önəmlisi, Yer kürəsinin nemətləri, imkanları, ya da materialları - faydalı qazıntıları, təbii ehtiyatları, canlı növləri azalır. Çünki insanlıq həm istehsala, həm də istehlaka kobudca davam edir. İnsan təbiətlə sülh imzalayıb geri çəkilməlidir. Bəzən insan təbiətin içində o qədər çox təhdidkar şəkildə irəliləyir ki, bu çox böyük ekoloji fəlakətlərə səbəb ola bilər.

Təbiət özünü təmir edir, bərpa edir. Təbiət istehsal edir, inkişaf etdirir, böyüdür və digər canlılarla bölüşür. Amma heç bir zaman qazanca adaptasiya olmayıb. Təbiət bütün canlıların bir yerdə yaşamasına imkan verəcək şəkildə bir sistem yaradır və buna uyğun fəaliyyət göstərir. İnsan təbiəti təkrar etsə, problemləri də həll edər...

Hər istehsal müəssisəsi sərmayəyə ehtiyac duyduğu kimi, kənd təsərrüfatının da ehtiyac duyduğu sərmayələr var: torpaq, hava, su. Sərmayə nə qədər çox məhv olsa, insanları məchul bir gələcəyə doğru aparar. Dolayısıyla, biz bu günün mənbələrini bu gün üçün sərf etsək, davamlılığı təmin edərik. Biz gələcək nəsillərin mənbələrini bu gündən sərf etməyə başlasaq, o zaman davamlılıqdan danışmağa dəyməz. Sərmayədən də danışmağa dəyməz. Həyatımızın hər günü, hər saniyəsi onları qorumalıyıq. Bunu sadəcə özümüz üçün deyil, gələcək nəsillərimiz üçün də etməliyik. Çünki torpaq və su bizim həyat qaynağımızdır. Kənd təsərrüfatı ilə məşğul olanların ən böyük sərmayəsidir. Hər ikisi də itirildiyində geri gətirilməsi, bərpa olunması, demək olar ki, mümkün olmayan elementlərdir.

Hamımız torpağa, suya bağlıyıq, onlarla birlikdə yaşayırıq. Su kənd təsərrüfatı məhsulları istehsalının ruhu, bu torpaqların şah damarıdır. Yoxa çıxarsa, geriyə sadəcə quraq, bərəkətsiz və sahibsiz ərazilər qalacaq. Bilməli olduğumuz ən önəmli şey şirin suyun təbiətdə çox az olan bir ünsür olmasıdır. Suyu ən doğru və qənaətcil şəkildə istifadə etməklə qoruya bilərik. Hədəf sadəcə daha məhsuldar bir kənd təsərrüfatı deyil, eyni zamanda suyun daha yaxşı qorunduğu bir kənd təsərrüfatı yaratmaqdır. Naxçıvanın geniş əkinəyararlı torpaq sahələrində qurulan qapalı suvarma şəbəkələri də məhz bu amala xidmət edir. Bu yolla suya qənaət, su itkisinin azaldılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və məhsuldarlığın artırılmasına dəstək verilir.

Torpaq yaşayan bir dünya, içində yaşatdığı saysız-hesabsız üzvi maddə sayəsində bitkiləri qidalandıran, suyu süzən və mühafizə edən həyat mənbəyidir. Torpağı, suyu və sahib olduğumuz təbiəti daha yaxşı qoruyaraq, istehsal potensialını gələcəyə etibarlı şəkildə apara bilmək mümkündür. Ancaq bunu bacarmaq sadəcə təsərrüfatçılara deyil, bu torpaqlarda yaşayan bütün sakinlərin ortaq əməyinə bağlıdır.

Torpaq demişkən, çox yox, təxminən yarım əsrlik geriyə dönsək, maraqlı bir mənzərə ilə qarşılaşarıq. Həmin vaxtlar necə idi? Yumurtanı qırıb qabıqlarını təbiətə - torpağa atırdılar. Meyvə-tərəvəz artıqları, qabıqları - bunların hamısı təbiətdən gələn və təbiətə geri dönməsinə ehtiyac olan tullantılardır. Amma indi biz nə edirik; o tullantıları zibilə atırıq, şəhərin kilometrlərlə kənarına daşıyırıq, digər zibillərlə qarışdığı üçün bu qədər qiymətli bir gübrə metan qazına çevrilir. İstifadə edilən kimyəvi gübrələr isə torpağı zəhərləyir. Yəni modern şəhər anlayışı, müasirləşmə nəticəsində insanoğlu dövriyyəni bu qədər pozub. Əlbəttə ki, yaşayış məntəqələrinin təmizliyi, tullantıların kənara daşınması normal və təqdirolunası haldır. Amma tullantılar içinə ərzaq qalıqlarının - üzvi gübrə kimi istifadə oluna biləcək məhsulların qarışması prosesi yaxşıdan çox müəyyən mənada digər məcraya yönəldib. Buna görə də hər yerdə qida tullantılarının torpaqla qovuşdurulması indi də əhəmiyyətli məsələdir. Bu, mənə bir müddət əvvəl sosial şəbəkələrdən tanış olduğum bir məsələni xatırlatdı.

90-cı illərin sonunda Pensilvaniya Universitetində işləyən Daniel Janzen və Winnie Hallwachs adında ər-arvad olan ekoloqlar Kosta Rikadakı bir portağal fabriki ilə razılaşaraq onlardan portağal qabıqlarını quraqlaşmış bir əraziyə boşaltmaqlarını istəyirlər. Fabrik sahibləri təbiətə kömək etmək üçün ekoloqların sözünə qulaq asır və eroziyaya uğrayan bölgəyə 12 min ton portağal qabığı boşaldır. 16 il sonra hər iki ekoloq geri dönüb nəticə ilə maraqlanır, amma quraq ərazini tapa bilmirlər. Çünki artıq hər yer ağaclarla örtülmüşdü. Portağal qabıqları çoraqlaşan ərazinin yenidən canlanmasına kömək etmişdi. Torpaq məhsuldar hala gəlmiş, hər yerdə ağaclar bitmiş və bura heyvanların yaşadığı əraziyə çevrilmişdi. Faktdan böyük fakt yoxdur...

Təsərrüfat inkişaf edərkən bir tərəfdən də əhali artır və daha çox ərzaq ehtiyacı ortaya çıxır. Amma torpaqlar genişlənmir. Buna görə də eyni torpaqda daha çox məskunlaşma ehtiyacı və daha effektiv istehsal yaratmaq ən önəmli məsələyə çevrilir. Birincisi, özünə yetəcək qədər məhsulun istehsal olunması lazımdır. Digər tərəfdən ehtiyacdan artıq məhsulu saxlayıb mühafizə edəcək imkanların olması lazımdır.

Kifayət qədər məhsulun istehsal olunması üçün mütərəqqi əkinçilik və heyvandarlıq texnologiyalarından istifadə edilməsi, innovativ yeniliklərin bu sahəyə tətbiq olunması, torpaqların, mal-qara və quşların məhsuldarlığının artırılması üçün düzgün sistemlərin seçilməsi əsas şərtlərdəndir. Yalnız bu yolla təsərrüfatçılar bol məhsul istehsal edərək həm özlərini təmin edə, həm də istehlakçıların tələbatını ödəyə bilərlər.

Soyuducu anbarların tikilməsi isə bu istiqamətdəki digər bir problemi – tələbatdan artıq istehsal edilən məhsulun etibarlı mühafizə edilməsi məsələsini həll edir. Təsərrüfatçıların mövsümünə görə istehsal etdiyi müxtəlif çeşidli meyvə-tərəvəz və heyvandarlıq məhsullarının il boyu saxlanılması və ehtiyac yarandıqca bazara çıxarılıb alıcılara təqdim olunması ərzaq təhülkəsizliyinə etibarlı təminat yaradır.

Həyat sadəcə cibimizin qalınlığından ibarət deyil. Həyatın mənası mədəniyyət-incəsənət qədər həm də təbiətlə necə bir ünsiyyət qurmağımızdan asılıdır. Buna görə də müasir dövrümüzdə yaxşı kənd təsərrüfatı, yaxşı istehsal, sağlam qida anlayışı ən böyük hərəkatdır. Artıq texnologiya və innovasiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının da bir parçası, ən yaxın köməkçisidir. Yaşadığımız bu torpaqlar nəhəng bir istehsal müəssisəsi - ferma kimi təsərrüfatçıların bütün məhsulları ən yaxşı şərtlərlə istehsal etmələrinə imkan verir. Amma hər təsərrüfatçı eyni deyil. İndi təsərrüfatın müxtəlif sahələrində formalaşmış yeni bir brend var: ailə təsərrüfatı.

Yeni bir tendensiyaya çevrilmiş ailə təsərrüfatları istehsal zənginliyini artıran, kənd təsərrüfatı dünyasının mərkəzinə çevrilən, bu həyatın ayrılmaz parçası, ruhu olan daha mütərəqqi metoddur. Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Doğma diyarımızda bu sahənin daha yaxşı formalaşması üçün Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmaqla ailə təsərrüfatlarına yeni fəaliyyət imkanları açıb. Bu sahənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər ailə təsərrüfatlarının sayının getdikcə artması və ailə biznesinin genişlənməsi ilə nəticələnir.

Nehrəmin məşhur qarpızı, qovunu, pendiri, qarpız turşusu, Ordubadın sucuğu, meyvə quruları, alanası, müxtəlif növ mürəbbələr, Sədərəyin təndir çörəyi, Şərurun kartof, soğanı, Şahbuzun dağ bitkiləri, Çalxanqalanın məşhur üzüm şərabı, Culfanın yarması, əriştəsi, heyvası, sobu turşusu, hinduşka əti və hətta müxtəlif növ losyonlar, meyvə araqları, meyvə sirkələri, konserv məhsulları, daha nələr, nələr - bunların hamısı bu torpaqda ailə təsərrüfatçılarının istehsal etdiyi dəyərli məhsullardır.

Kənd təsərrüfatına və ailə təsərrüfatlarına dəstək olmaq üçün sadəcə bu sahə ilə məşğul olmaq kifayət etmir. Onun tanıtımıyla, təbliğiylə, istehlakçı alışqanlıqlarımızı dəyişdirməklə, biomüxtəlifliyə əhəmiyyət verməklə də dəstək ola bilərik. Bir istehlakçı olaraq bu şəkildə sektorun gələcəyinə çox ciddi dəstək vermiş oluruq.

Naxçıvanda bunun ən yaxşı modeli “Ailə təsərrüfatı məhsulları” festivalı və ailə təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsidir. Bütün rayon mərkəzlərində və Naxçıvan şəhərində keçirilən bu yarmarka və festivallar yolu ilə istehsalçılar məhsullarını satmaq üçün yeni bazarlar əldə edirlər, tanınırlar, istehlakçılar isə ekoloji təmiz məhsulları, ailə əməyinin bəhrəsi olan nemətləri əldə etməklə onlara dəstək verirlər.

Kənd təsərrüfatında yeni üsullar tətbiq etməklə, yeni istehsal modelləri yaratmaqla və digər üsullarla istehsalı artırmaq üçün elm adamları geni modifikasiya olunmuş (GMO) məhsulları "icad etdilər". Artıq kütləvi informasiya vasitələrindən hər birimizə yaxşı məlum olan bu üsulla bir çox kənd təsərrüfatı məhsullarının genetikaları dəyişdirilərək daha məhsuldar sortlar əldə edilməyə başladı. Məsələn, 5 kiloluq kartof, 4 kiloluq toyuq, 2 kiloluq pomidor və ya 100 kiloluq qoyun və s. Əgər bunları yetişdirmək ehtiyacdan yaranmış bir çarə idisə, artıq, nəticə etibarilə, o ehtiyacdan yaranmış çıxış yolunun özü, bu gün çarə olmaqdan çox problemə çevrilməyə başlayıb. Məhz bunun qarşısını almaq üçün təbii şəraitdə, təbii şərtlərlə təbii məhsul istehsalını artırmağa çalışmalıyıq. Bunun üçün ən yaxşı yol isə elə ailə təsərrüfatçılarının, kiçik fermer-kəndli təsərrüfatlarının inkişafına dəstək vermək və onların istehsal etdiyi məhsulları almaqla onlara dəstək olmaqdır. Əgər süni qidalardan çox istifadə etsək, kifayət qədər çox təbii növlə qidalana bilməsək, immun sistemimiz zəifləyərsə, xoşagəlməz nəticələr meydana çıxar.

Təbiətdə çeşidlilik var. Bu çeşidliliyə sahib çıxmaq lazımdır. Sadəcə öz sağlamlığımız üçün deyil, təbiətin də sağlamlığı üçün. Bu dağlarda və düzənlərdə yüzlərlə növdə yabanı meyvə-tərəvəz və dərman bitkiləri yetişir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunub. Bu gün də kəndlərdə yabanı meyvə-tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir. Yemişan, həmərsin mürəbbəsi, cacıq, baldırqan, bolu, sobu, çaşır turşusu, dağ alçasının lavaşası, dağ armudunun turşusu - bunların hamısı təbiətin heç bir qarşılıq güdmədən insanoğluna bəxş etdiyi məhsullardan hazırlanır. Təbiətin yetişdirib insana səxavətlə təqdim etdikləri onun qida rasionunun əhəmiyyətli bir hissəsini təşkil etməklə, eyni zamanda ailəsinin də dolanışıq mənbəyinə çevrilir. Yay boyu dağları qarış-qarış dolaşmaq, bu nemətləri yığıb onlardan növbənöv təamlar hazırlamaq nə qədər çətin olsa da, bu da ailə təsərrüfatçılarının təbiətdən süfrələrimizə bəxş etdiyi əvəzsiz qidalardır. Buna bir həyat tərzi də demək olar. Onlar burdan qidalarını əldə edirlər, istehsal etdikləri məhsulu satırlar və bunun vasitəsilə həyatlarını təmin edirlər.

Zaman dəyişdikcə istehsalçının istehsal etdiyi məhsulun nə qədər dəyərli olduğunu, yediyimiz qidaların nə qədər əhəmiyyətli olduğunu anlayırıq və məhsul bizə gələnə qədər keçdiyi istehsal proseslərini daha çox sorğulamağa başlayırıq. Əhalinin fəaliyyət yönümü kənd təsərrüfatının ənənəvi sahələri olsa da, burada yeni təşəbbüslər icra olunur, aqrar sektorun müasir innovativ istiqamətləri sınaqdan uğurla çıxarılır.

Sadaladığımız və haqqında danışdığımız faktlardan da aydın olur ki, muxtar respublikada kənd təsərrüfatının inkişafında ailə təsərrüfatlarının mühüm rolu var. Dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına və inkişafına münbit şərait yaradır.

Təsərrüfatçının qazancı torpaqdan, mal-heyvandan, bağdandır. Min bir əziyyətlə  hazırlanan  məhsul əldə qalmırsa, niyə də ailə olaraq bu iş görülməsin ki? Kəndlini əməyə, torpağa bağlayan səbəb də elə budur.  Buna görə işlərini sevirlər. İlkin yazdan ta payızın sonlarınadək, qışın sərt şaxtalarında, yayın yandırıcı günəşində belə təsərrüfatçının gündəlik qayğıları, görməli olduğu işlər davam edir. Nəticədə, zəhmət gözəl şeydir, ailə əməyinin bəhrəsi isə daha şirindir.

...Tarix həmişə çayların sahilində yazılıb. Dağlar, axar sular, ovalıqlar insanoğlunun həyatına da forma verib. Buna görə də torpaq insanlara hansı məhsulu təqdim edirsə, süfrə də o məhsulla bəzədiləcək. Kənd təsərrüfatı strateji sektordur. "Məndə yetişmirsə, qonşudan alaram" deməklə bir sıra yeniliklərdən və təcrübələrdən çəkinməyə ehtiyac yoxdur. Özümüz bizə lazım olan hər bir məhsulu istehsal etməyi öyənməliyik. Bunun ən yaxşı yolu isə modern dünyanın həngaməsindən uzaqda sahib olduqlarımızın dəyərini bilmək, onu qorumaq, gələcək nəsillər üçün dəyərli miras kimi saxlamaq, təbiətimizi, onun bizə verdiyi nemətləri sevməyi öyrənməkdir.

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: