“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində təlimlərdə iştirak edən qadınlara sertifikatlar verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində keçirilən “Sahibkar ol” təlimlərində 60-dan artıq qadın iştirak edib.
Ramilə Seyidova bildirib ki, qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə yanaşı, təşkil olunan müxtəlif yarmarka və festivallarda onların hazırladıqları əl işlərinin satışına da hərtərəfli şərait yaradılır. Bu günlərdə start verilən səyyari sərgi-satışlar da bu sahədə daha geniş imkanlar yaradacaq.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova iştirakçılara “Sahibkar ol” təlimi barədə məlumat verib, qadınlar üçün keçirilən təlimlərin onların maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarının artırılmasına, gələcək bizneslərinin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirib.
Layihə iştirakçıları Aynurə Allahverdiyeva və Xuraman Seyidova göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Sonra layihə çərçivəsində növbəti təlimə start verilib. Təlimdə sahibkarlıq fəaliyyətinin vacibliyi, uğurlu biznes planlaşmasının mərhələləri, biznes ideyalarının təsvir edilməsi, marketinq planlarının hazırlanması, lazım olan resurslar, sərmayə kapitalının maliyyələşdirilməsi və biznes planlarının hazırlanması ilə bağlı qadınlara ətraflı məlumat verilib. Hər bir qadın fəaliyyət istiqamətlərinə görə biznes planı hazırlayıb.
Sonda layihədə iştirak edən qadınlara sertifikatlar təqdim olunub
Mədinə Rəhimli