Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi Afrika əhalisi üçün ayrı-seçkilik xarakteri daşıyan meymunçiçəyi xəstəliyi adından imtinaetmə ilə bağlı çoxsaylı çağırışlar fonunda bu xəstəliyin adını dəyişmək niyyətindədir.
ÜST ekspertləri Afrika qitəsi üçün endemik olan virus üçün yeni ad təqdim etməlidirlər. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus məlumat verib. Patogenin özünün adının dəyişdirilməsi ilə yanaşı, onun A və ya B ştamlarının da Afrikanın ilkin qeydə alındığı hissəsinə dair bütün istinadları yox etmək üçün yeni adlar alması gözlənilir. Keçən həftə 30-dan çox tədqiqatçı xəstəliyin adının dərhal dəyişdirilməsini tələb edən petisiya imzalayıb.
Meymunçiçəyi xəstəliyi əsasən təmas və ya cinsi əlaqə yolu ilə, xüsusən də çoxlu partnyorları olan insanlar arasında ötürülür. Xəstəlik ABŞ, Böyük Britaniya və İspaniya da daxil olmaqla 45 ölkəyə yayılıb. Lakin, tədqiqatçıların fikrincə, bu xəstəliyin Afrika qitəsi ilə təkidlə əlaqələndirilməsi qitə əhalisinə münasibətdə ayrı-seçkilik xarakteri daşıyır.
Xatırladaq ki, meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Hallar Komitəsi iyunun 23-də təcili iclas keçirəcək.