NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə kursant, zabit və müəllimləri, valideynləri və bütün tədbir iştirakçılarını təbrik edərək deyib: Ötən dövrdə ümummilli liderin arzuları reallığa çevrilib, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Hərbi lisey Azərbaycan ordusunun komandan-zabit heyətinin formalaşdırılması işinə öz töhfəsini verib. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 310 kursant təhsil alır. Ötən dövrdə Hərbi Liseyi 3 mindən artıq kursant bitirib. Liseyin kursantları hərbi xidmət dövründə nizam-intizamı, bilik və bacarığı, hərbi səriştəsi ilə daim seçiliblər. İkinci Qarabağ müharibəsində də Heydər Əliyev adına Hərbi Liseyin məzunları qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinə yüksəliblər.