Hərbi hissələrə mövsümi meyvələrdən sovqat aparılıb - FOTOLAR
26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində muxtar respublikada bir daha xalq-ordu birliyi nümayiş etdirilir. İctimaiyyət nümayədələri hərbi hissələrə mövsümi meyvələrdən sovqat aparırlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon İcra Hakimiyyəti kollektivinin bu münasibətlə hərbçilərimizlə keçirdiyi səmimi görüşdə çıxış edənlər bildiriblər ki, Naxçıvanda salınan meyvə bağlarından məhsulların toplanaraq əsgərlərə sovqat aparılması ənənəyə çevrilib.
Hərbçilər şəxsi heyət adından göstərilən diqqətə və gətirilən sovqata görə minnətdarlıq ediblər.
Sonra Babək rayonundakı meyvə bağlarından toplanan 2 tondan artıq ərik və alma hərbi hissəyə təhvil verilib.
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən də rayondakı hərbi hissəyə sovqat aparılıb. Görüşdə xalq-ordu birliyindən söz açılıb. Bildirilib ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu xüsusi diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, ordu sıralarında qəhrəman oğullarımız daim ruh yüksəkliyi ilə Vətənə xidmət edirlər.
Görüşdə çıxış edən zabit və əsgərlər hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq ediblər.
Sonra Culfa rayonundakı meyvə bağlarından toplanmış 2 tona yaxın alma, ərik, göycə və gilənar hərbi hissəyə təhvil verilib.
Şərur Rayon Rabitə İdarəsinin kollektivi isə Kəngərli rayonundakı hərbi hissəyə sovqat aparıb. Çıxış edənlər dövlət-xalq-ordu birliyinin möhkəmliyindən, Ordumuzun sarsılmaz rəşadətindən söz açıblar. Qeyd olunub ki, xalqımız bu birliyini Vətən müharibəsində bir daha sübüta yetirdi.
Hərbi hissənin zabiti gətirilən sovqata və göstərilən diqqətə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq edib.
2500 kiloqram mövsümi meyvə hərbi hissəyə təhvil verilib.
Xosrov İbrahimov