Şahbuz və Sədərək dini icmalarına cənazə avtomobilləri təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Sarvanlar məscidində Şahbuz və Sədərək dini icmalarına cənazə avtomobilləri, icma rəhbərlərinə və din xadimlərinə dövlət vəsaiti hesabına alınan yeni yay geyimləri təqdim edilib.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Maliyyə və Təsərrüfat şöbəsinin müdiri Novruz Novruzov qeyd edib ki, dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub. Bu gün Şahbuz və Sədərək dini icmalarına Ali Məclis Sədrinin tapşırığı ilə cənazə avtomobillərinin təqdim edilməsi də bu sahədə görülən işlərin bariz nümunəsidir. Bundan öncə də digər rayon dini icmalarına cənazə avtomobilləri təqdim edilmişdi.  Sonra avtomobillərin açarları dini icmalara təqdim olunub.

Din xadimlərinə yeni yay geyimlərinin təqdim edilməsi ilə bağlı çıxışında Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, muxtar respublikada 214 məscid və 17 dini icma fəaliyyət göstərir. Bu gün muxtar respublikada dini yas mərasimlərində din xadimlərinin geyim formasında olmasına və həmin tədbirlərin yüksək səviyyədə aparılmasına ciddi nəzarət edilir. Bildirilib ki,  dövlətimiz tərəfindən məscidlərin, imamzadələrin, pirlərin, qədim və dini abidələrin bərpasına, yenidən qurulmasına və tikilməsinə diqqət göstərilir, rayon dini icmalarının fəaliyyəti yaxşılaşdırılır, din xadimlərinin əməkhaqları artırılır.  Diqqətə çatdırılıb ki, dini icmalara avtomobillərin, din xadimlərinə dövlət vəsaiti hesabına hər il yay və qış geyimlərinin və icma sədrlərinə pul mükafatlarının verilməsi muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin, dövlətin dinə və dindarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Qazısı yanında şuranın sədri Sahib Məmmədov din xadimlərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək deyib ki, biz də bu qayğının müqabilində islami dəyərlərimizi qoruyaraq dini mərasimlərin lazımınca təşkilinə diqqət edəcək, islami maarifçilik və vətənpərvərliyin təbliği işini gücləndirəcəyik.

Sonda icma rəhbərlərinə və din xadimlərinə yay geyim formaları təqdim edilib.

                                           

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: