Ümumdünya Мeteorologiya Təşkilatı: bu il istilər Avropaya çox tez gəldi

A- A A+

İndi iyunun ortaları olsa da, Avropada artıq iyul və ya avqust ayları üçün daha xarakterik hava qərarlaşıb. İspaniya və Fransanın bəzi rayonlarında temperatur ilin bu dövrü üçün orta göstəricilərindən 10°C yüksəkdir. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, istilər özü ilə quraqlıq və yayın digər xoşagəlməz əlamətlərini də gətirib.

İspaniya Milli Meteorologiya Xidməti bu həftə ölkənin bəzi bölgələrində havanın temperaturunun bir neçə gün ardıcıl olaraq 40°C-i keçdiyini bildirib. Fransada bütün müşahidələr tarixində ən isti və ən quru may ayı qeydə alınıb. Erkən istilik İsveçrədə və Avropanın başqa ölkələrində də müşahidə olunur.

Bu həftə Amerika Birləşmiş Ştatlarının əhalisinin demək olar ki, üçdə biri istiliklə bağlı xəbərdarlıq alıb, bəzi bölgələrdə isə üç rəqəmli temperatur (Farenheytlə) qeydə alınıb. Bu vəziyyət Meksika körfəzi sahillərində, eləcə də şimal və mərkəzi düzənliklərdə davam edəcək. Bundan əvvəl, mart və aprel aylarında uzunmüddətli istilik dövrü Hindistan və Pakistanda qeydə alınmışdı.

İqlim dəyişməsi nəticəsində istilik dalğaları daha tez başlayır, daha tez-tez baş verir və güclənir. Bu, istiliyi saxlayan istixana qazlarının rekord konsentrasiyası ilə bağlıdır. Bu gün müşahidə etdiklərimiz daha təhlükəli gələcəyin carçısıdır.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupu (İDHEQ) 1,5°C qlobal istiləşmədə istiliyin artacağını, isti fəsillərin müddətinin artacağını və soyuq fəsillərin müddətinin azalacağını proqnozlaşdırır.

Məruzədə deyilir ki, 2°C qlobal istiləşmədə ekstremal istilər daha tez-tez kənd təsərrüfatı və səhiyyə üçün kritik dözümlülük həddinə çatacaq.

Bəşəriyyət yeni şəraitə uyğunlaşmalı, xüsusilə istilərlə bağlı erkən xəbərdarlıq sistemlərini və meteoroloqların və tibb işçilərinin iştirakı ilə istilərdən müdafiəyə dair planları tətbiq etməlidir.

Ekstremal istilər xüsusilə əhalinin həssas təbəqələri üçün ölümcül təhlükəlidir. Yüksək minimal gecə temperaturları - orqanizmin bərpaya ehtiyacı olduğu zaman - çoxları üçün xüsusilə ağır nəticələrə gətirə bilər. Şəhər sakinləri daha çox bitki örtüyünün olduğu kənd yerləri ilə müqayisədə istiliyə məruzqalma səviyyəsini artıran "şəhər istilik adası" adlanan effektə görə ən çox risk altındadırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: