Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə ardıcıl işlər görülür, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, məhsuldarlığın yüksəldilməsində süni mayalandırmanın tətbiqi son illərdə müsbət nəticələrin əldə edilməsinə səbəb olur. Yüksək keyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Əsasən düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bu da muxtar respublikada həm mal-qara sayının, həm də əsas heyvandarlıq məhsulları istehsalının artırılmasına imkan yaradır.
Son illər Naxçıvanda davamlı olaraq kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları keçirilir ki, bunun da əsas məqsədi əhalini bazar qiymətləri ilə müqayisədə nisbətən ucuz qiymətə ərzaq məhsulları ilə təmin etməkdir. Belə bir şəraitdə əmtəə istehsalçıları öz məhsullarını birbaşa yarmarkalarda istehlakçıya təklif etmək imkanına malik olurlar.
Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində mühüm təsir vasitəsi olan baytarlıq üzrə ixtisaslı kadrların hazırlanması, aqrar sahənin elmi təminatının yaxşılaşdırılması məqsədilə Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti kafedrasının açılması inkişafın bariz nümunəsidir.
Son illər baytarlıq elm və praktikası invazion xəstəliklərin profilaktika və mübarizəsi yönündə xeyli irəliləyişlərə nail olubdur. Bir çox invazion xəstəliklər ləğv edilib, bəzi xəstəliklərə isə nadir hallarda rast gəlinir. Ancaq bəzi invazion xəstəliklər dövri olaraq heyvandarlığa külli miqdarda zərər vurur.
Respublikamızın heyvandarları, baytar mütəxəssisləri və zoomühəndisləri qarşısında duran mühüm məsələlərdən biri də heyvandarlığı hərtərəfli inkişaf etdirmək, onun məhsuldarlığını xeyli artırmaq üçün lazımi tədbirləri həyata keçirməkdən ibarətdir. Məlumdur ki, zəngin yem ehtiyatı, düzgün bəsləmə şəraitinin yaradılması və habelə heyvanların cins tərkibinin yaxşılaşdırılması bu sahənin inkişafında həlledici rol oynayır. Lakin bunlarla yanaşı, heyvandarlığın inkişafına maneçilik törədən müxtəlif xəstəliklərin qarşısını almaq və xəstəlik baş verdiyi hallarda ona qarşı səmərəli mübarizə aparmaq işinin də çox böyük əhəmiyyəti vardır.
Fassiolyoz (qaraciyər qurdu və ya kəpənək) qaramal və davarların qaraciyərində parazitlik edən fassiolaların törətdikləri xəstəlikdir.
Helmintlər əsasən qaraciyərdə lokalizasiya etməklə, orqanizm hesabına qidalanır və zərərli təsir göstərirlər. Bu təsir amilin patogenlik dərəcəsindən, heyvanın növündən, yaşından, orqanizmin vəziyyətindən və eyni zamanda xarici mühitdən asılı olaraq ya gizli, ya da özünü xarakterik əlamətlərlə göstərir. Heyvan zəifləyir, halsızlaşır, tədricən arıqlayır, selik qişalar (göz, ağız, burun) solğunlaşır sarımtıl-göyümtül rəngə çalır, qoyunların yunu pırpızlaşaraq öz parlaqlığını itirir, boyun, qarın, döş nahiyələrində yun tökülür. Xəstəliyə yoluxmuş heyvan tez-tez su içir və məhsuldarlıq kəskin aşağı düşür. Xəstəliyə vaxtında müdaxilə olunmazsa, heyvan tələf olur.
Fassiolaların inkişaf tsikli mürəkkəb olmaqla 2 sahib (əsas və aralıq) orqanizmində tamamlanır. Əsas sahib insanlar, kənd təsərrüfatı heyvanları və başqa məməlilər, aralıq sahibi isə Limnea cinsindən olan müxtəlif şirin su ilbizləridir. Fassiola yumurtalarının xarici mühitdə inkişafı nəmlik, oksigen, pH və temperatura görə dəyişir. Yumurtaların əsasən su içində və nəmişlik ərazilərdə daha yaxşı, quraqlıq və oksigensiz mühitdə isə inkişaf etmədikləri müəyyən edilibdir.
Aparılan tədqiqatlara görə yüksək dağlıq ərazilərdə daimi saxlanılan heyvanlarda fassiolyoza rast gəlinmir. Bu isə həmin ərazilərdə aralıq sahib rolunu oynayan ilbiz bədənində fassiola sürfələrinin inkişafı üçün lazımi temperaturun olmaması ilə əlaqədardır. Düzənlik ərazilərdə fassiolanın hər iki növünə (F. hepatica və F. gigantica) rast gəlinir. İntensiv suvarılan ərazilərdə və otlaqlarda, ilbiz biotopları çox olan təsərrüfatlarda yoluxma daha yüksək olur.
Son dövrlərdə geniş meliorasiya işlərinin aparılması ilə bərabər bataqlıqlar, yüksək nəmli, sulu olan çəmənliklər, istifadəsiz olan kiçik su mənbələri qurudulur və suvarılan əkin sahələri kimi istifadəyə verilir. Bu kimi amillər orada yaşayan və patogen təsirə malik olan ilbizlərin məhv olmasına səbəb olur ki, bu da həmin ərazilərdə otarılan heyvanların fassiolyoza yoluxma intensivliyinin aşağı düşməsinə səbəb olur.
Bəzən muxtar respublika ərazisində təkrar suvarılan və su çıxarılan otlaqlarda heyvanların otarılması, suvarma işinin düzgün təşkil edilməməsi və başqa aqromeliorativ amillər fassiolanın aralıq sahibləri olan şirin su ilbizlərinin, xüsusilə patogen növ sayılan F. giganticanın aralıq sahiblərinin geniş yayılması və çoxalması üçün əlverişli şərait yaradır. Bu isə heyvanlar arasında xəstəliyə yoluxmanın kütləvi hal almasına və fermer təsərrüfatlarında iqtisadi səmərənin xeyli aşağı düşməsinə səbəb olur.
Müasir dövrümüzdə xəstəliyə qarşı profilaktika məqsədilə aşağıdakı bioloji və kimyəvi mübarizə üsullarından istifadə olunur:
1. Əsasən yaz və yay aylarında niclosamide, super phosphat (800kq/hektar) və başqa dərman preparatlarından istifadə etməklə ilbiz biotoplarını məhv etmək olar. Lakin nəzərə almaq lazımdır ki, ehtiyac olmayan su və su hövzələrində belə kimyəvi maddələrin istifadəsi balıq və başqa su canlılarına toksiki təsir edir.
2. Balıqçılıq üçün yaradılmış süni göllərdə yırtıcı balıqlardan istifadə etməklə sudakı yumurta və serkarilərə qarşı bioloji tədbir aparmaq, qaz, ördək və qurbağalardan istifadə etməklə ilbizlərə qarşı bioloji mübarizə vasitələrindən də istifadə etmək lazımdır.
Həmçinin metaserkarilərlə siraətlənmiş otlar heyvanlar üçün tədarük olunmamalı, heyvanlar yoluxmuş otlaqlarda otarılmamalıdır.
Həsən Qənbərov
NDU, Baytarlıq təbabəti kafedrasının baş müəllimi