Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Şərur rayonunda bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə “Yerli vergilərin və ödənişlərin ödənilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr və məsuliyyət” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin əməkdaşları yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi barədə qanunvericiliyin tələblərini diqqətə çatdırıblar. İştirakçılar torpaq vergisinin dərəcələri, hesablanma tarixi, məbləği və ödənilmə müddəti barədə qanunvericilikdə nəzərdə tutulan qaydalar haqqında məlumatlandırılıb.
Seminar iştirakçılarına “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaiti təqdim edilib. Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.