Muxtar respublikada əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün mütəmadi olaraq tədbirlər görülür. Müvafiq şəxslərə dövlət icbari şəxsi sığortasının vaxtında ödənilməsi də bu tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, fond tərəfindən iyun ayında da dövlət icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan şəxslərə ödənişlər həyata keçirilib və qanunla müəyyən edilmiş məbləğdə vəsaitlərin həmin şəxslərin bank hesabına köçürülməsi təmin edilib.
Fond bu istiqamətdə deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması üçün müvafiq işlər görür Belə ki, hərbi qulluqçulara ağır xəsarət aldıqda sığorta ödənişinin 25 faizi, az ağır xəsarət aldıqda 15 faizi, yüngül xəsarət aldıqda isə 5 faizi miqdarında, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına isə ağır xəsarət aldıqda 20 faiz, az ağır xəsarət aldıqda 15 faiz, yüngül xəsarət aldıqda isə 10 faiz miqdarında sığorta ödənişi verilir. Deputatlar həmçinin məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları 5 illik əməkhaqqı miqdarında sığorta olunur. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası isə 11 min manat məbləğində həyata keçirilir.
Qeyd edək ki, sığortaolunanların qanunvericilikdə göstərilən səbəblərdən həlak olması, xəsarət alması və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi sığorta hadisəsi hesab edilir. Sığorta hadisəsi baş verdikdə dövlət icbari şəxsi sığortası üzrə aidiyyəti şəxslərə sığorta ödənişi verilir. Deputatlara fərdi qəza zamanı, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına xidmətdə olduğu zaman, hərbi qulluqçulara isə hərbi xidmətdə olduğu zaman həlak olduqda, yaxud alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində vəfat etdikdə 100 faiz həcmində sığorta ödənişi verilir. Həmçinin sığortaolunanlar sağlamlıq imkanları məhdudluğuna görə və aldığı xəsarət növlərinə uyğun olaraq qanunvericilikdə müəyyən olunmuş faiz miqdarında sığorta ödənişi ilə təmin edilirlər.
Fond tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində aidiyyəti şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.