Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, komitənin və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün “yay məktəbi” təşkil olunub. Şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 47 uşağın iştirak etdiyi “yay məktəbi”nə iyunun 20-də start verilib.
Bu münasibətlə Ağbulaq İstirahət Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova və Həmkarlar İttifaqları Şurasının Sədr müavini Xatirə İbrahimli artıq ənənə halını alan “yay məktəb”lərinin uşaqlar üçün əhəmiyyətinə toxunublar. Bildiriblər ki, uşaqların mənəvi – psixoloji inkişaflarına xidmət edən bu cür tədbirlər onlara yeni dostluqlar qazanmağa, muxtar respublikanın təbiəti ilə yaxından tanış olmağa, dünyagörüşlərini artırmağa, asudə vaxtlarının səmərəli təşkilinə əlavə imkanlar yaradır.
Sonra uşaqlar Ağbulaq İstirahət Mərkəzində onlar üçün ayrılmış otaqlarda yerləşdirilib və təşkilatçılar tərəfindən uşaqların istirahəti üçün lazımi ehtiyaclar yerinə yetirilib.
Uşaq hüquqları ilə bağlı marifləndirici seminarın keçirilməsi, Ağbulaq kəndinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar, diskussiyalar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi “yay məktəbi”nin proqramında yer alıb.
“Yay məktəbi”ndə vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayiş olunması və Şahbuz Mədəniyyət Sarayının “Batabat” İnstrumental Ansamblının iştirakı ilə konsert proqramının təşkil edilməsi də nəzərdə tutulub.
Həmçinin Ağbulaq İstirahət Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış da təşkil edilib. Sərgi-satış 3 gün davam edəcək.