Qadınların əl işlərindən ibarət səyyari sərgi-satışlar davam etdirilir - FOTOLAR
Yay turizminin davam etdiyini və turistlərin muxtar respublikaya marağını nəzərə alsaq, turizmin ən mühüm amillərindən biri kimi məsələnin "tanıtmaq" və "təbliğ etmək" seqmentin reallaşması üçün əlverişli zamanın olduğu danılmaz bir faktdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, komitə tərəfindən istedadlı qadınların əl işlərindən ibarət səyyari sərgi-satışların muxtar respublikanın turistik mərkəzlərində təşkili bu mənada mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, yerli sakinlərin və gələn qonaqların vaxtlarını maraqlı və əyləncəli keçirmələri üçün üz tutduqları ən ideal məkanlardan biri də "Saat Meydanı" turistik istirahət mərkəzidir. Məhz bu baxımdan qadınların məşğulluqlarının təmin edilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, həmçinin qadınların əl işlərinin, qədim el sənətinin, milli mənəvi dəyərlərin və xalq tətbiqi sənətinin təbliği məqsədi ilə növbəti səyyari sərgi-satış "Saat Meydanı" turistik istirahət mərkəzində təşkil edilib.
Səyyari sərgi-satışda toxuma, tikmə, dekorativ iş, təbii daşlardan bəzək əşyaları, gipsdən əl işi, xalça, mis üzərində döymə, taxta üzərində yandırma, taxta üzərində oyma, dekorativ tablo, tikmə tablo olmaqla, ümumilikdə 15 qadının 1300-dən artıq əl işi sərgilənib. Yerli sakinlər və qonaqlar sərgi-satışa böyük maraq göstərib və öz zövqlərinə uyğun əl işlərindən alıblar.
Səyyari sərgi-satışların növbəti həftələrdə digər istirahət mərkəzlərində də təşkil ediləcək.