Cari ilin ilk 5 ayı ərzində əmək pensiyaçılarına və sığortaolunanlara 84 milyondan artıq vəsait ödənilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, cari ilin ilk 5 ayı ərzində əmək pensiyalarına və onlara əlavə olunan maddi yardıma 82 milyon 294 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 1 milyon 866 min manat olmaqla, ümumilikdə 84 milyon 160 min manat vəsait yönəldilib.

Vəsaitin 50 milyon 152 min manatı yaşa görə, 21 milyon 719 min manatı sağlamlıq imkanları məhdud şəxslərə, 10 milyon 423 min manatı isə ailə başçısını itirməyə görə ödənilib. Həmçinin sığorta prinsipi ilə əmək pensiyası alan şəxslərə rübdə bir dəfə 50 manat, qulluq stajına görə əlavə alanlara isə əmək pensiyasının 10 faizi miqdarında maddi yardımın verilməsi təmin edilib. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə ayrılan vəsaitin 135 min manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 589 min manatı hamiləliyə və doğuma görə, 332 min manatı uşağın anadan olmasına görə, 162 min manatı uşağa qulluğa görə, 648 min manatı isə dəfn üçün müavinətə yönəldilib.

Qeyd edək ki, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilə qədər qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği və qulluq stajına görə əlavələr dövlət büdcəsi, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına verilir. Müavinətlər isə yalnız sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir. Müavinətlərdən əmək qabiliyyətinin müvəqqəti itirilməyə görə müavinət sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Bu ilin əvvəlində əmək pensiyalarının artırılması və 2022-ci ildən başlayaraq pensiyaçılara maddi yardımın verilməsi bu qəbildən olan əhali qrupunun sosial müdafiəsini daha da gücləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: