Ən çox rast gəlinən beş diş problemi

A- A A+

Diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır. Bu problemlərin nəticəsi olaraq mədə-bağırsaq sistemində və digər orqanlarda müxtəlif xəstəliklər yarana bilər. Diş əti problemləri haqqında məlumatlandıqda onların qarşısını almaq daha asan olur.

Kariyes

Bu problemlə insanların 95 faizi üzləşir. Dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi kariyesdir. Bu problem müxtəlif səbəblər nəticəsində baş verə bilər. Kariyes diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Problemin yaranmasında yediyimiz qidalar, irsilik, mikroorqanizmlər, tüpürcəyin tərkibi və qğız boşluğunun gigiyena qaydalarının pozulması da böyük rol oynayır. Dişin güclü zədələnməsi nəticəsində isti, soyuq və şirin qidalar yedikdə güclü ağrı hiss olunur.

Pulpit

Pulpit bir çox amillərin təsiri nəticəsində yaranan diş pulpasının iltihabıdır. Xəstəlik əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Problemin əsas simptomları ağrıdır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan, gecə yaranan, güclənə və arabir kəsən, lokallaşan və ya irradiasiya edən, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, sızıldayan, küt sancılı və digər ağrılar. Bu xəstəliyin kəskin və xroniki növləri var. Xroniki pulpit simptomsuz davam edir və onu ancaq rentgen vasitəsilə aşkar etmək olar. Kəskin pulpiti isə hiss etməmək mümkün deyil. Belə ki, problem əsasən gecələr yaranan çox güclü ağrılarla davam edir.

Periodontit

Periodontit diş və onun sümük qundağı arasındakı ensiz boşluğu dolduran birləşdirici toxumanın iltihabıdır. Xəstəliyin kəskin və xroniki növü var. Xroniki periodontit nadir hallarda rast gəlir və iltihabın olmasına baxmayaraq uzun müddət əlamətsiz davam edə bilər. Xəstəliyin kəskin növü isə əsasən sızıldayan və çeynəyərkən kəskinləşən ağrılarla müşahidə edilir. Problem səbəbindən diş ətində şişliklər də əmələ gələ bilər.

Gingivit

Gingivit–damağın selikli qişasının iltihabi prosesidir. Bu, dişi əhatə edən hissənin yetərincə yayılmış xəstəliyidir. Problemə yeniyetmələrdə, 30 yaşadək gənclərdə və hamilələrdə daha çox rast gəlinir. Bu kateqoriya insanlarda xəstəlik adətən daha ağır keçir. Belə ki, onların bədənində hormonal dəyişikliklər baş verir. Gingivitin müalicə olunmadıqda inkişaf edir və daha ağır fəsadlarla nəticələnə bilər. Problem paradontit və ya dişlərin tökülməsinə də səbəb ola bilər. Xəstəlik vitamin çatışmazlığı, həzm sistemi xəstəlikləri, immunitetin zəifləməsi kimi səbəblərdən yarana bilər.

Paradontit

Paradontit-damaq iltihabı, vaxtından əvvəl dişlərin itirilməsinə səbəb olan xəstəlikdir. Statistikaya əsasən 35 yaşdan yuxarı insanların 90 faizində bu xəstəliyə rast gəlmək olar. İlkin mərhələdə ağrı olmadığına ğörə xəstəlik özünü bildirmir. Lakin xəstəliyin bir sıra simptomları var: diş fırçalama zamanı damağın qanaması, qızarmış, şişkin, ağrılı, həssas diş əti, dış kökünün açılması, ağız qoxusu, diş aralarında əmələ gələn irin, dişlərin laxlaması, çeynəmə zamanı dişin hərəkətliyi.

Diş problemlərinin əsas profilaktikası mütəmadi olaraq stomatoloq qəbulunda olmaq və rentgen diaqnostikasından keçmək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: