Batabatdakı sərgi-satışda 15 qadının 970 manat dəyərində 141 adda əl işi satılıb - FOTOLAR
İlin bütün fəsillərində bənzəri olmayan mənzərəsi və füsunkar təbiəti ilə yerli sakinləri və muxtar respublikaya gələn qonaqları özünə cəlb edən diyarımızın möhtəşəm təbiət abidəsi-Batabat yaylağı əlamətdar bir günə - 26 İyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təşkil edilən bayram tədbirinə ev sahibliyi edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən bayram tədbiri çərçivəsində komitə tərəfindən qadınların məşğulluqlarının təmin edilməsi, onların əl işlərinin satılması, qədim el sənətinin, milli mənəvi dəyərlərin və xalq tətbiqi sənətinin təbliği məqsədilə istedadlı qadınların əl işlərindən ibarət səyyari sərgi-satış təşkil edilib.
Sərgi-satışda toxuma, tikmə, dekorativ iş, təbii və yerli daşlardan bəzək əşyaları, gipsdən, duzdan əl işi, xalça, mis üzərində döymə, taxta üzərində yandırma, taxta üzərində oyma olmaqla, ümumilikdə 38 qadının 1500-dən artıq əl işi sərgilənib. Tədbirə gələn qonaqlar və turistlər tərəfindən maraqla qarşılanan sərgi-satışda 15 qadının 970 manat dəyərində 141 adda əl işi satılıb.