Təbiətdə pis hava yoxdur deyənlər, yəqin ki, ilin hər fəslinin də özünəməxsus yeri , gözəlliyi olduğunu bilirlər. Bir-birinə calanan günlərində gah isti yayı bizə xatırladan, hərdən də soyuqluğu ilə şaxtalı qışa “muştuluqçu” olduğunu söyləyən payız məhz belə fəsillərdəndir. Odur ki, təbiətin payız ünvanlı payından, onun bəxş etdiyi təkrarsız gözəllik çalarlarından doyunca zövq almaq lazımdır.
Payız qucağında bizə bağların bəhrəsini, buz bulaqların sərinliyini, dağların əzəmət və vüqarını, ana təbiətin gözəlliyini gətirir. Və Payız gələndə çoxlarının yadına bu məşhur mahnı da düşür. "Payız gəldi, uçdu getdi quşlar..."
Payızda göy üzündə qatarlaşıb köç edən durnalar bir də bu ellərə yazda gələcəklərini pıçıldayırlar sanki insana.
Əgər fikir vermisinizsə iki fəsil haqqında daha çox danışılır, söz qoşulur, mahnılar bəstələnir. Bu fəsillərdən biri ilk bahardı. Çünki yaz oyanışdı, çiçək yağışıdı, insanların torpağın sinəsində yeni-yeni naxışlar vurduğu, izlər saldığı fəsildir. Digəri isə payız fəslidir...son bahar. Payıza “güz” də deyirlər. Dədə Qorqud dastanında da deyildiyi kimi “Güz almasına bənzər al yanaqlım”, yəni payız almasına bənzər al yanaqlım... Payızda otlaqlarda cücərən otlara “güzdək”, bu fəsildə qırxılan qoyunun yununa “güzəm” və Payıza “Son bahar” deyirlər.
Payız Azərbaycan ədəbiyyatında da özünəməxsus tərənnüm və təsvirə malik bir fəsil olub. Şeirlərin doğum tarixidir payız! Küləyin, yağışın dumanın, sarı, qızılı yarpaqların, ayaq altda qalıb əzilmiş otların, xəzəllərin şairlərə şeir pıçıldadıqları fəsildir payız!
Böyük şair S. Vurğun məşhur Ceyran şeirində yazır:
Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.
Bu misralarda şair payızın özünəməxsus rəng çalarlarını elə gözəl vəsf edib ki, bəlkə də rəssam fırçası ilə bu gözəllikləri belə təbiiliklə vəsf edə bilməz.
Qızılı payız günlərində dağ yerlərində daha çox müşahidə olunan payız dumanı özündən sonra qarlı və şaxtalı günlərin, ayların gəlişindən xəbər verir, insanlara tədarükünüzü görün deyir. Yəni həm də qışa hazırlıq fəslidir payız. Bəli, ta qədimdən xalqımızın məişətində, milli mentalitetində də payız qiymətli bir fəsil olub. Payız toylar fəslidir. Qış çörəklərini payızda yapıblar, qovurmaları payızda bişiriblər, ev-eşiyi payızda səliqə-sahmana salıblar.
Və bu payız günləri də kəndlinin ən qayğılı günləridir. Bu fəsildə əkinçiliklə məşğul olan zəhmətkeş kəndlilər payız şumu apararaq növbəti ilin bol məhsulunun təməlini qoyurlar. Yağan payız yağışları isə torpağı , əkilən toxumları cana gətirir.
Payız fotoqrafların , rəssamların da ən çox gözlədikləri, sevdikləri fəsildir. Çünki payızda müxtəlif rənglərə boyanan təbiət, dumanlı səhərlər və yağışlar onlar üçün əsrarəngiz tablolar yaradır. Bu payızda da rəssamlarımız bütün mənalarda yeniləşən Naxçıvanımızın təbiətinə, onun payız çağına öz münasibətlərini bildirərək bu yurdun payız mənzərələrini də kətana köçürürlər.
Payız bəhrə, bolluq eyni zamanda ayrılıq, həzinlik, duyğular fəslidir. Yazda əkdiyinin, necə işlədiyinin cavanlıqda tutduğun yolun çəkdiyin zəhmətin nəticəsi payızda görünər, ilin və ömrün payızında...
Günəş şüalarının zəiflədiyi, ağacların rəngbərəng libasa büründüyü payıza qızılı payız da deyirlər- rəngarəngliyinə , bərəkətinə, bolluğuna görə ... Bağ bağçaların üzümü, narı, alması, armudu, heyvası, xurması yetişib dada gəlir bu fəsildə. Hələ rəngini tam dəyişməyən yarpaqların arasından saralan heyvalar az qala budaqları sındırır. Çeşid-çeşid payız nemətləri dükan bazarların piştaxtalarını bəzəyir, bolluq rəmzinə çevrilir.
Ömrün ahıl çağını həmişə payıza bənzədiblər. Böyük xalq şairi Bəxtiyar Vahabzadənin bir şeirində deyilir ki,
Dövran tez dolanır, illər tez gəlir.
Biz də dəyişirik hey ildən-ilə.
Ömrün pillələri necə düz gəlir
Ana təbiətin fəsillərilə!
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Bir payız günündə , Payız libasına bürünən təbiətin qoynunda ağaclardan yağış kimi üstünə tökülən yarpaqlarin seyrinə dalmaq, addımlayarkən ayaqlar altında qalan xəzəllərin xışıltısını duymaq nə gözəldir. Xəzanın sarı, qırmızı rəngləri arasında təzə-tər otların göz oxşayan yaşıllığı payız günlərini bir qədər də ətirli yaz günlərinə bənzədir.
Payız fəslinin yaraşığı, büsatıdı yağış...Payızın gözəlliyi də qızılı rəngə çalan libasında, bir də ki yağışındadır .
Duyğular, düşüncələr fəslidir payız, Payız fəslində insan ömrünün, gününün də elə duyğulu anları olur ki, o an o duyğular, o hisslər insanda bir kövrəklik, bir ovqat yaradır - müdrik ovqat.
Payızda çayların , bulaqların da axarında bir kədər, qüssə, qəm, tənhalıq olur sanki. Həmyerlimiz şair Xanəli Kərimli bu duyğuları “Payız duyğuları” şeirində çox gözəl vəsf edib.
Ağaclar gözünün sıxır qarasın,
“Yarpaqlar ələnir göz yaşı kimi”.
Bulaqlar oxuyur vida nəğməsin
Ana təbiətin sirdaşı kimi.
Çaylar da kövrəlib,
dindirsəm əgər,
Bir giley dastanı bağlayacaqdı.
Mənsiz qəribsəyən məcnun söyüdlər
Əl vursam, hönkürüb ağlayacaqdı.
Yığılıb meşədən əl-ayaq izi,
Ocaq daşları da qırovlaşıbdı.
Dünya yola salan qoca palıdın
Gözü yolda qalıb, tənhalaşıbdı.
Dərələr boyunca axan bulaqlar,
Sizinlə görüşüm gümana qaldı.
Mənə oğul deyən arxalı dağlar,
Zirvəniz borana, dumana qaldı
Şair dili ilə desək payızda bu duyğular, bu hislər təkcə insana yox təbiətin özünə də çökür sanki...
Artıq yurdumuzda qızılı payız günləridir, bu payızda da təbiət füsunkar, axarlı –baxarlıdır. Kəndlərimizin, dağlarımızın bir sözlə, təbiətimizin füsunkar payız mənzərələri bu fəslidə də bizi heyran edəcək. Ömrümüzün daha bir payızında Vətənimizin də torpağı yavaş-yavaş sarı, qızılı xalıya bürünür. Gah yağan yağışlar yuyacaq bu xalını, gah da qışdan xəbər verən soyuq küləklər darayacaq.
Bir sözlə bu fəsildə də təbiət böyük səxavətlə bütün gözəlliklərini insana bəxş edir. Təki o gözəllikləri duyub yaşaya bilək.
Türkanə Əmoyeva.