Şərur torpağında türk dünyası tarixinin silinməz izləri olan neçə-neçə qədim yaşayış məntəqələrinə, çoxlu sayda arxeoloji abidələrə, maddi-mədəniyyət nümunələrinə rast gəlinir. Nəsildən-nəslə keçərək minilliklərdən ötüb gələn qədim dövr abidələri və maddi-mədəniyyət nümunələri milli sərvətimizin mühüm tərkib hissəsi kimi indi daha ciddi qorunur, ətraflı tədqiq edilir və hərtərəfli öyrənilir.
Maddi-mədəniyyət nümunələrinin tədqiqi, arxeoloji qazıntı işlərinin nəticələri, tarixi və etnoqrafik materiallar, şifahi və yazılı ədəbiyyatın bir çox qiymətli nümunələri Şərur torpağının ilk sakinləri olan qədim insanların həyat tərzini, dünyagörüşünü, ictimai-iqtisadi və mədəni inkişaf xüsusiyyətlərini əks etdirir.
Türkdilli xalqların yaratdığı tarixi nümunələrdən olan kəhrizlərin insan həyatı və təsərrüfat fəaliyyəti üçün mühüm əhəmiyyəti olmuşdur. Avropa və Asiya qitələrinin dörddə bir hissəsində məskən salmış qədim türkdilli insanlar iqlim şəraitinin quraq, çay şəbəkəsinin zəif olduğu dağətəyi ərazilərdə yeraltı suları kəhrizlər vasitəsilə yer səthinə çıxararaq, özləri üçün etibarlı su mənbəyi yaratmışlar.
Tarixi mənbələrdə Azərbaycan ərazisində kəhriz sularından eramızdan 2 min 500 il əvvəl istifadə olunduğu qeyd edilir. Əfsanə, rəvayət və nağıllarda kəhriz quyuları, onları birləşdirən lağımlar, orada gizlənmiş canlılar, «qaranlıq dünya», «işıqlı dünya» haqqında maraqlı epizodların olması da kəhriz sularından ta qədim dövrlərdən istifadə olunduğunu təsdiqləyir.
Şərur düzünün dağətəyinə qovuşduğu ərazilərdə indiyədək çoxlu kəhrizlər qalmaqdadır. Dəmirçi kəndinin yuxarısında «Axund Həsənin kəhrizi», «Kalbakərəmin kəhrizi», «Kalbamusanın kəhrizi», «Ağa kişinin kəhrizi», «Məhəmmədin kəhrizi», «Məmmədbağırın kəhrizi», «Ələsgər uşağının kəhrizi», «Səfər kişinin kəhrizi», «Hacı Qənbərin kəhrizi», Kalbaquluoğlunun kəhrizi», «Çiçəkyazanın kəhrizi» və sair adlarla tanınan xeyli sayda kəhriz mövcuddur.
Kanallar çəkilənədək kəndin əkin sahələrinin suvarılmasında da bu kəhrizlərin suyundan istifadə olunurdu. Kəhrizlərdən çəkilmiş arxların kənarında çoxlu tut, iydə və digər meyvə ağacları var idi. Yayda İstisu, Ələyəz, Əyricə, Əmioğlu yaylaqlarına gedənlər üçün kəhrizlər yolüstü su mənbəyi idi.
1955-ci ildə kənddə müəllim işləyən Fətulla Fətullayev kənd camaatının köməyi ilə bir neçə kəhrizin suyunu kənd mərkəzinə çəkdirmişdi. 1978-ci ildə məktəb direktoru işləmiş Vəli Əliyevin rəhbərliyi ilə pedaqoji kollektiv «Səfər kişinin kəhrizi»nin suyunu məktəb həyətinə gətirmişdi. Qeyd edək ki, bu kəhrizlərin suyundan sakinlər indi də istifadə edirlər.
Muxtar respublikamızda batmış, yaxud suyu qurumuş kəhrizlərin bərpası istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində indiyədək onlarla kəhrizə yeni həyat verilib. Kifayət qədər alternativ su mənbələrinin olmasına baxmayaraq, bu gün də Dəmirçidəki bir neçə kəhrizdən də daimi axara malik etibarlı və təmiz su mənbəyi kimi istifadə edirlər. Kənd sakinləri kəhrizlərin qorunması üçün əllərindən gələni əsirgəmirlər. Bu, həm də keçmişimizi yaşatmaq və gələcəyə daşımaq baxımından təqdirəlayiqdir.
Aleksandr BEZBİDA,
Dəmirçi kənd tam orta məktəbinin
coğrafiya müəllimi
“Şərurun səsi” qəzeti