Sentyabr ayı el deyimində, yozumunda

A- A A+

Ta qədimdən xalqımız uzun illərin müşahidə və təcrübəsinə əsaslanaraq xalq təqvimi tərtib etmişdir.Torpağın şumlanması, toxumun səpilməsi,tingin əkilməsi,peyvənd edilməsinin vaxtı,suvarma və məhsulun yığılma vaxtı üçün konkret zaman təyin edilmişdir.Etnoqrafik yaddaşımızda qalan həmin dövrlərdən biri də elqovan dövrüdür. Naxçıvanda yayın son ayı (20 avqust-20 sentyabr) elqovan adlanır. Aran zonasında bu müddətə “bürkü sınan” günlər də deyirlər.Deyilənə görə, bu dövrdə  dağların yaxasından soyuq şeh titrəyib keçir,yaylaqların soyuqları başlayır, köç xəbəri  el-obaya yayılır. Bu müddətdə tez-tez çən düşür, dağlardan duman, çiskin əskik olmur. “Elqovan gəlib, köçmək vaxtıdır” xalq deyimi də bununla bağlıdır. Naxçıvan bölgəsində payızın əvvəllərində əsən soyuq küləyin “oğlaqqıran” adlandığı da qeyd olunur.

Etnoqraf Elbalı Mehrəliyev “Xalq coğrafi təxminlərinin izahlı lüğəti”ndə “elqovan”ın mövsümü külək olub, yazın axırında əsən isti, payızın əvvəlində əsən soyuq külək olduğunu, yazda elatın yaylağa, payızda qışlağa köçmə vaxtını bildirdiyini yazır. Eltökənin isə payızın əvvəlində güclü küləklə yağan yağış olduğunu,yaylaqda olan camaatın dağdan arana köçməsinə xəbərdarlıq olduğunu qeyd edir.

Topladığımız çöl tədqiqatlarına görə, senytabr ayının ilk günlərinə “oğlaqqıran” dövrü də deyirlər.Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir.Yaşlı insanlar söyləyirlər ki, quyruq doğduqdan sonra oğlaqların (erkək çəpiclərin)  ətindən qoxu gəlir.Ona görə də damazlıq oğlaqlar seçilir və qalanları kəsilir.Bu dövr də yağlı quzu ətindən çox çəpiş  ətinə üstünlük verilir.Naxçıvanda kənddə yaşayan əhalinin əksəriyyəti bir neçə çəpici qurban deyir, ona görə də artıq çəpiclər bu dövr də kəsilir, damazlıqlar isə sürüyə qatılır. Ta qədimdən Əshabi-Kəhf Ziyarətgahına da daha çox oğlaqqıran dövründə kütləvi axın başlayardı. Ziyarətçilər də əsasən, qurbanlıq çəpic aparardılar.

“Quyruq doğduqdan” sonra kənd təsərrüfatında görüləcək işlərdən biri payız şumunun başlanmasıdır. Öküz və digər heyvanlarla şumun qaldırılması ağır zəhmət bahasına başa gəlirdi. Ona görə də əkin ilə bağlı çoxlu atalar sözləri yaranmışdır. “Əmək çəkənin əməyi itik, dizi sıyrıq qalmaz. Zəhmətin barı, torpağın varıdır.  Rəncbər əli kol-kosluğu da cənnətə döndərər.  Vaxtında əkilən , vaxtında bitər”  və sair.Qeyd edək ki, bu dövrdə aparılan şum daha yaxşı effekt verir.Çünki torpaq günəş altında yanar, alaq toxumları, zərərvericilər məhv olar. Ona görə də atalar  deyir ki, “bazardan qalsan bir gün qalarsan, əkindən qalsan bir il”. Təcrübələr göstərir ki, şum nə qədər dərin olsa suyu yaxşı saxlayar, bitkinin kökləri yaxşı inkişaf edər, bol məhsul alınar. Təcrübəli əkinçilərimiz çox zaman torpağı pərşum (1 şuma perpendikulyar) edər, bəzən isə 3-4 dəfə şumlayardılar. Bir rəvayətə görə, təcrübəli bir əkinçinin qoca vaxtında gözləri tutulur. Qoca oğlunu yanına çağırıb deyir: “Oğul get əkini ək, toxumunu səpmə”. Oğlu cütü qoşub sahəni şumlayır. Aradan bir müddət keçdikdən sonra oğluna sahəni pərşum etməyi tapşırır. Üçüncü şumda oğlan toxumu səpir. Bir müddətdən sonra ata oğluna dödüncü şumu edib, toxumu səpməyi tapşırır. Biçin vaxtı ata oğluna onu əkinin yanına aparmasını xahiş edir. Əlini taxıla sürtüb, oğul şumun birini kəsmisən deyir. Ona görə də atalar “əkinçini əkinindən tanıyarlar ” demişlər. Ata oğluna tövsiyə edir ki, kotanın macı (dəstəyi) ilan da olsa əlindən buraxma. Yayda bir gün boş gəzərsən, qışda on gün ac qalarsan.

Taxılın səpilməsi əsasən payız girəndə başlayır. Atalar deyirlər ki, “bir gün tez əkən, bir həftə tez biçər.Vaxtında görülməyən iş-görülməmiş kimidir”. Buna baxmayaraq əkinçi babalarımız deyir ki, taxıl iki yay görməlidir. Havalar isti keçərsə, tez əkilən taxıl payızda “boruya gedər” (sünbül boruya formalaşır) məhsul itkiyə gedər. Belə hal baş verərsə, əkini otararlar ki, yenidən beçələsin (yeni sünbül qanadları çıxsın). Vaxtilə indiki toxum səpən qurğular olmadığı üçün şumlanmış sahəyə toxum əllə səpilir, üstdən tapan (mala) vurulardı. Bu zaman toxumlar müxtəlif dərinliyə düşər, bir hissə isə açıqda qalardı. Toxum itkiyə getməsin deyə, hər küzü (moranı) səpdikcə suvarırdılar.“Taxılı öküzün dırnağına  sula” məsəli də buradan qalmışdır.

Maldarlıqda bu dövrdə bəzi işlər görülür. İribuynuzlu heyvanlar sentyabrın əvvəllərindən başlayaraq arana endirilir. Naxçıvanda ənənəvi olaraq “qoçqarışan” oktyabrın axırı hesab edilsə də, sentyabrın 15-də (bəziləri daha erkən) arıq, yaşlı qoyunlar sürüdən çıxdaş edilir, sürüdəki heyvanların sayından asılı olaraq sürüyə qoç qatılır.

Sentyabr ayının əvvəllərində ailələrdə zoğal, şaftalı kompotu, mürəbbəsi hazırlanır. Turşuların qoyulmasına başlanır. Qış azuqəsi olan əriştə, yarma hazırlanır. Sentyabrda keçiləri sağmağı dayandırar, eyməyə yığılan “qara qatığı” çalxalayar, şorunu küpələrə yığıb, ağzını sələklə bağlayar və torpağa basdırardılar.

Tarixən Azərbaycanda müxtəlif təqvimlərdən istifadə olunub. Lakin heç bir təqvim ilin fəsillərini, ayları, günləri xalq təqvimində olduğu kimi dəqiq və düzgün ifadə edə bilməyib. Xüsusən baş verə biləcək təbiət hadisələrinin insanların uzunmüddətli müşahidələri əsasında daha düzgün izah edilməsi xalq təqviminin yaddaşlarda qorunmasına səbəb olub. Sentyabr ayı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir və bu dövrdə də əhalinin təsərrüfatla bağlı qayğıları olduqca çox olmuşdur.

Zaleh NOVRUZOV

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: