Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iyun ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2022-ci il 17 iyun tarixli Qərarı ilə kütləvi tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Naxçıvan “Gənclik” Mərkəzi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindən çıxarılaraq əmlakı ilə birlikdə “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin tabeliyinə verilib.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət səhiyyə müəssisələrində çalışan işçilərin geyim formalarının təsvirləri” təsdiq edilib. Həmin Qərara görə geyim formaları təbii və keyfiyyətli parçalardan tikilməli, işçilərin sağlamlığına mənfi təsir göstərməməlidir. Geyim formalarının təsvirlərinin tələblərinə işçilər tərəfindən riayət edilməsinə müəssisənin rəhbərliyi nəzarət edir.

Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 29 iyun tarixli Qərarı ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilib.

Eyni zamanda Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Yay otlaq fondu torpağının istifadəsi üçün icazə” blankının formasının və “Yay otlaqlarının, örüş sahələrinin və biçənəklərin istifadəsinə dair Tələblər” təsdiq edilib. Qərara uyğun olaraq fiziki və hüquqi şəxslər yay otlaq sahələrindən istifadə etmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq icazə almalıdırlar. Qeyd edək ki, yay otlaq sahələrindən istifadə hər il iyul ayının 15-dən başlanılır, oktyabr ayının 15-də başa çatır. Bu tarixlərdən kənar vaxtlarda yaylaqlardan istifadə qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır.

“Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrıan vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla təmin olunurdusa, hazırda onların öz istəyinə uyğun olaraq sadalananların əvəzinə 265 manat məbləğində pul kompensasiyası ödəniləcəkdir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: