Məhdud Fiziki İmkanlılar üçün NRİM-də yeni terapiya bölməsi yaradılıb - FOTOLAR

A- A A+

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqların təhsili və reabilitasiyasında xüsusi yer tutan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daha bir terapiya bölməsi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, hazırda, mərkəzdə müvafiq kateqoriyadan olan uşaqlar üçün Psixoloji Dəstək Xidməti, Defektoloji bölmə və filialları, Təlim-bərpa otağı, Kinnekt oyunlar otağı, Musiqi və əmək terapiyaları bölmələri fəaliyyət göstərir, bu bölmələrdə mütəxəssislər tərəfindən müvafiq təlim məşğələləri aparılır. Qeyd olunub ki, yeni yaradılan Oyun terapiyasının tətbiqində isə əsas məqsəd, uşaqlarda funksional hərəkət pozuntularının qarşısının alınması zamanı psixoloji yükün azaldılması və reabilitasiya tədbirlərinin onların həyatında daha əyləncəli şəkildə tətbiqindən ibarətdir.

Yeni terapiya bölməsi bütün zəruri şəraitlə, o cümlədən zəruri avadanlıqlar  və metodik vəsaitlərlə təmin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alır, onların sosial reabilitasiya imkanlarının artırılması üçün məqsədyönlü işlər görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: