Naxçıvanda dezinfeksiya tədbirlərinin növbəti mərhələsinə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda əhalinin, muxtar respublikaya gələn qonaqların, turistlərin sağlamlığının qorunması məqsədilə infeksiyaların, yoluxucu, mövsümi xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün bu gündən növbəti genişmiqyaslı dezinfeksiya tədbirlərinə başlanılıb. 

Qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin 12 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı avtomobil yolları, piyada səkiləri dezinfeksiya olunur. Fövqəladə Hallar Nazirliyinin 80 nəfərdən artıq şəxs heyəti, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu və Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili tərəfindən idarə, müəssisə və təşkilatların, yaşayış binalarının, istirahət mərkəzlərinin, muzeylərin, tarix-memarlıq abidələrinin, ümumiyyətlə insanların daha çox istifadə etdiyi yerlərin ətrafı, girişləri dərmanlanır.

Bu gün xüsusi təyinatlı avtomobillər vasitəsilə şəhərin Heydər Əliyev prospekti, Əziz Əliyev, Cəlil Məmmədquluzadə və digər küçələri, o cümlədən piyada səkiləri dezinfeksiya olunub.

Şəxsi heyətin iştirakı ilə isə Əyləncə adası və Sahil parkı istirahət mərkəzləri, şadlıq sarayları, kafelər, ticarət mərkəzləri və digər ictimai yerlərin daxili, ətrafı dərmanlanıb.

Ümumilikdə, bu gün Naxçıvan şəhərində 1 milyon 776 min kvadratmetrdən çox ərazi dezinfeksiya olunub.

Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dərmanlama tədbirləri muxtar respublikanın rayonlarında da aparılıb. Qrafik əsasında Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının avtomobil yolları xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub. Həmçinin ictimai yaşayış binalarında, ticarət mərkəzlərində, kənd mərkəzlərində insanların sıx toplaşdıqları digər yerlərdə dezinfeksiyaedici maddələrlə tibbi-profilaktik tədbirlər icra edilib.

Muxtar respublikanın rayonlarında isə ümumi olaraq 1 milyon 241 min kvadratmetrdən çox sahədə dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, aparılan tibbi-profilaktik tədbirlər iyulun 10-dək davam etdiriləcəkdir.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: