İnformasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə

A- A A+

Ümumdünya inkişafının müasir mərhələsi informasiyanın artan rolu ilə xarakterizə olunur. Hazırda informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə geniş nüfuz etməklə, bəşəriyyət yeni inkişaf mərhələsinə–informasiya cəmiyyətinin formalaşması dövrünə qədəm qoyur.

Müasir dövrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiya texnologiyalarının rolunun artması milli təhlükəsizliyin təmin olunması sistemində informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnformasiya təhlükəsizliyi dedikdə, informasiyanın və informasiya mühitinin təsadüfi və ya düşünülmüş təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçisinə və sahibinə yolverilməz ziyanlar vura bilir.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də informasiya təhlükəsizliyi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasından, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir. Ölkəmizin informasiya sahəsində təhlükəsizliyinin təmin olunması üçün informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir.

Azərbaycanda informasiya təhlükəsizliyinin hüquqi təminatı sahəsində görülmüş işlərdən biri informasiya qaynaqlarının formalaşması və istifadəsi zamanı yaranan hüquqi münasibətləri tənzimləmək üçün 1998-ci il 3 aprel tarixində qəbul olunmuş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanun təkcə informasiyalaşdırma sahəsində yaranan hüquqi münasibətləri deyil, həm də informasiyanın mühafizəsi, informasiya proseslərində və informasiyalaşdırma ilə məşğul olan subyektlərin hüquqlarını tənzimləyir.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ən mühüm tədbirlərdən biri də 17 fevral 2003-cü il tarixdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulmuş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”dır. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin olunması, bu sahəni tənzimləyən normativ hüquqi bazanın inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədləri kimi müəyyən edilmişdir. Bu istiqamət üzrə fəaliyyətin zəruriliyinin göstəricilərindən biri də Azərbaycan Respublikası Prezidentinin 29 mart 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının vəzifələri arasında informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində normativ hüquqi bazanın və qanunvericiliyin təkmilləşdirilməsinin təsbit olunmasıdır.

Qeyd etmək lazımdır ki, informasiya texnologiyalarının qlobal miqyasda yüksək sürətlə yayılması cəmiyyətin informasiya ilə təmin olunması ilə yanaşı, kibercinayətkarlığın da meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarıb. Kibercinayətlər (kompüter cinayətləri) dedikdə, virtual məkanda elektron əməliyyatlar vasitəsilə törədilən və əsas məqsəd kimi kompüter sistemləri, eləcə də onlar vasitəsilə işlənən məlumatların təhlükəsizliyinə qəsd edən istənilən qanunazidd əməllər başa düşülür.

Ölkəmizdə kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilati-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində kompleks işlər görülür, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, dövlət proqramları qəbul edilir və icra olunur.

Kibercinayətkalıqla mübarizə üzrə ən mühüm qanunvericilik tədbiri kimi ölkəmizin “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına qoşulmasını qeyd edə bilərik. “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikası tərəfindən 30 sentyabr 2009-cu il tarixdə təsdiq olunmuşdur.  2010-cu il iyulun 1-də nəzərdə tutulan müvafiq prosedurlar həyata keçirildikdən sonra ölkəmiz adıçəkilən Konvensiyaya qoşulmuşdur.

Milli qanunvericiliyin həmin Konvensiyadan irəli gələn öhdəliklərə uyğunlaşdırılması məqsədilə 29 iyun 2012-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə kompüter informasiyası sahəsində cinayətlər ayrıca fəsildə (otuzuncu fəsil) qruplaşdırılmış və “Kibercinayətlər” adlandırılmışdır.

Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar” fəslində informasiya ehtiyatlarından istifadə qaydalarının, eləcə də elektron imza və elektron sənəd haqqında qanunvericiliyin qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri öz əksini tapmışdır.

 

 

Rəmzi Həsənov

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: