Bu gün muxtar respublikada 1 milyon 627 min kvadratmetrdən artıq sahə dərmanlanıb - FOTOLAR
İyulun 1-dən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılır. Əsasən bazarlar və böyük ticarət mərkəzləri, muzeylər, istehsal müəssisələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri dezinfeksiya olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün də Naxçıvan şəhərində viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanının avtomobil dayanacaqları, yolları, inzbati binaları, Heydər Əliyev Sarayının girişi, ətrafı, yaşayış binaları, parklar, inzibati binalar və digər ərazilər dərmanlanıb.
Qurban bayramı ərəfəsində insanların “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarətlərin sayı daha da artıb. Bu nəzərə alınaraq ziyarətgahda namaz otağı, pilləkən qəfəsləri, oturacaqlar və insanların daha çox istifadə etdiyi yerlər dezinfeksiya edilib.
Bununla da, bu gün Naxçıvan şəhərində 912 min kvadratmetrdən çox ərazi dezinfeksiya olunub.
Muxtar respublikada tibbi-profilaktik tədbirlər rayonlarda da intensiv aparılır. Bugünkü dezinfeksiya işləri idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehasal müəssisələrini, kənd və xidmət mərkəzlərini, yaşayış binalarını, park və istirahət mərkəzlərini, ümumiyyətlə əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib.
Ümumilikdə, bu gün muxtar respublikanın rayonlarında 715 min kvadratmetrdən çox sahədə dezinfeksiya işləri aparılıb.
Röyal Kərimov