Orta ixtisas polis məktəbində buraxılış mərasimi keçirilib

A- A A+

Bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin növbəti buraxılış mərasimi keçirilib, 30 gəncə diplomlar təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polkovnik Rəşad İsmayılov məzunları buraxılış mərasimi münasibətilə təbrik edib, onlara vəzifələrinin icrasında uğurlar arzulayıb.

Daxili işlər naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli fərmanı ilə yaradılan orta ixtisas polis məktəbində kursantların təhsili üçün hər cür şərait yaradılıb. Məktəb muxtar respublikanın hüquq mühafizə orqanlarının kadr təminatında mühüm əhəmiyyətə malikdir. Orta ixtisas polis məktəbi ötən dövr ərzində fəaliyyətini müasir tələblər səviyyəsində quraraq, təkcə təhsil müəssisəsi kimi deyil, həm də daxili işlər orqanlarının tədris bazası kimi fəaliyyət göstərib. Məktəbin məzunları təkcə daxili işlər orqanlarında deyil, həm də digər güc strukturlarında orta rəis heyətinin komplektləşməsinə töhfə verəcək. Eyni zamanda məktəb gənclərin ixtisaslı kadr kimi yetişərək muxtar respublikanın inkişafında, sabitliyin və əmin-amanlığın təmin olunmasında yaxından iştirakına şərait yaradır.

Polkovnik Rəşad İsmayılov qeyd edib ki, 2022-ci il fevralın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kadr işinin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun yaradılmasının nəzarətdə saxlanılması, şəxsi heyətlə müvafiq xidməti dərslərin, kursların keçirilməsi, müsbət təcrübənin yayılmasının təşkil olunması, bu sahədə Orta İxtisas Polis Məktəbinin imkanlarından istifadə olunması ilə bağlı mühüm tapşırıqlar verib. Tapşırıqların icrası fəaliyyətin əsas istiqaməti kimi diqqət mərkəzində saxlanılır.

Qeyd edilib ki, bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi ikinci məzunlarını yola salır. Ötən il polis məktəbini başa vuran 25 nəfər daxili işlər orqanlarının müxtəlif xidmət sahələrində ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində  müqəddəs vəzifə borclarını yerinə yetirir. 

Tədbirdə Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev və polis kiçik leytenantı Ruzi Əhmədov çıxış etdikdən sonra,  məktəbi bitirən məzunlara diplomlar təqdim olunub.

Polis kiçik leytenantı Ruslan Məmmədov lövhəni xatirə kötüyünə vurub.

Sonra Orta İxtisas Polis Məktəbinin marşı ifa olunub.

Şəxsi heyət təntənəli keçidlə tribunanın önündən keçib.

Tədbirin davamında məzunlarla xatirə şəkli çəkdirilib, daxili işlər naziri, polkovnik Rəşad İsmayılov müəllim və valideynlərlə görüşüb.

Sonda tədbir iştirakçıları üçün nahar verilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: