Naxçıvantəpədə arxeoloji qazıntılar davam edir - FOTOLAR

A- A A+

Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji qazıntılara bu ilin iyun ayından yenidən başlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, arxeoloji qazıntılar AMEA-nın Naxçıvan Bölməsində yaradılan yerli arxeoloji ekspedisiya tərəfindən davam etdirilir.

Naxçıvantəpə yaşayış yerinin tədqiqi olduqca əhəmiyyətli nəticələr verir. Belə ki, tədqiqatlar zamanı Naxçıvan şəhəri ərazisində eramızdan əvvəl VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilib. Həmçinin indiyədək Cənubi Qafqaz və Azərbaycanda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti aşkarlanıb.

Yaşayış yerində aparılan araşdırmalar zamanı müəyyən olunub ki, basmanaxışlı keramika ilə xarakterizə olunan Qarabağın Neolit mədəniyyəti Dalmatəpə mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Həmçinin Naxçıvan, Qarabağ, Zəngəzur və Urmiya hövzəsinin Azərbaycanda formalaşan mədəniyyətlərin arealına daxil olduğu, Zəngəzur və Göyçə obsidianının başlıca olaraq Naxçıvan, Qarabağ və Urmiya hövzəsinin sakinləri tərəfindən istifadə olunduğu təsdiq edilib. Tədqiqat işləri zamanı yarımqazma tipli evin qalıqları, basmanaxışlı və boyalı keramika nümunələri aşkar olunub. Naxçıvantəpə yaşayış yerində aşkar olunan arxeoloji tapıntılar Naxçıvan şəhərinin hələ qədim zamanlardan Azərbaycanın tərkibində yer aldığını və Azərbaycanda yayılan mədəniyyətlərin əsas mərkəzi olduğunu təsdiq edir.

Qeyd edək ki, Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətli sayılan bu abidənin tədqiqinə 2017-ci ildən başlanılmış, lakin pandemiya ilə əlaqədar tədqiqat işləri yarımçıq qalmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: