NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Gənclərin güzəştli şərtlərlə mənzillə təmin edilməsinə isə “Naxçıvan İpoteka Fondu” ASC mühüm şərait yaradır. Qeyd edək ki, fond yarandığı tarixdən bugünədək müvəkkil kredit təşkilatı olan "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 327 kreditin maliyyələşdirilməsini həyata keçirib. Bu kreditlərin 170-i güzəştli, 157-si isə standart kredit olub. Verilən kreditlərin ümumi məbləği 15 milyon 73 min 776 manat təşkil edib. Bu vəsaitin 6 milyon 699 min 31 manatı standart, 8 milyon 374 min 745 manatı isə güzəştli şərtlərlə reallaşdırılıb. Bütün kreditlər fond tərəfindən tam maliyyələşdirilib. Bu ilin ötən dövrü ərzində daha 32 ailə bu qayğıdan yararlanaraq mənzil sahibi olub.
Hazırda Naxçıvan şəhərində daha 9 mərtəbəli 7 binanın inşa olunması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Hafizə Əliyeva