Ədəbiyyat dünyamızın ölməz siması, böyük demokrat yazıçı, jurnalist Cəlil Məmmədquluzadə bir zamanlar “Molla Nəsrəddin” jurnalı vasitəsilə üzünü bütün qələm sahiblərinə tutaraq yazırdı: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı”. Bəli, Ulu Yaradanın kainatın əşrəfi sayılan insana bəxş etdiyi söz o zaman qüdrət qazanar ki, onun təməlində Vətənə sevgi, peşəyə sədaqət, milli-mənəvi dəyərlərə ehtiram dayansın. Qələmə aldığı hər bir mövzunun sətirlərində oxucularına yurduna bağlılıq, xalqına məhəbbət, ən əsası isə öz peşəsinə olan sonsuz sevgini hiss etdirməyə qadir olan jurnalist necə də xoşbəxt və bəxtəvərdir. Bu gün tam əminliklə, böyük iftixar və qürur hissi ilə deyə bilərik ki, günü-gündən gülüstana çevrilən, qədimlik və müasirliyin çiyin-çiyinə addımladığı diyarımız savadlı qələm sahiblərinə, jurnalistlərə günümüzün reallıqlarını tarixin səhifələrinə həkk etmək, onları gələcək nəsillərə miras qoymaq üçün yazıb-yaratmaq həvəsi verib. Elə bu mövzumuzun da qələmə alınma məqsədi oxucularımızı ömrünün 75-ci çağını yaşayan, bu yetmiş beş ilə illərin peşəkarlığını, zəhmətini, qayğılarını əks etdirməklə onu mənalı, maraqlı yazıçı-jurnalist ömrünə çevirən mətbuatımızın ağsaqqalı, Ali Məclisin deputatı, Əməkdar jurnalist Fərəc Fərəcovun ömür kitabı, çoxşaxəli fəaliyyəti ilə qısaca tanış etməkdir.
Bir ömür kitabını vərəqləyirəm... Bu ömür kitabının hər sətrinə peşəyə sədaqət, dostlara məhəbbət, xeyirxah işlər, gözəl əməllər yazılıb. Mövzumuzun qəhrəmanı Fərəc müəllimi Naxçıvan ictimaiyyəti də yaxşı tanıyır, yazıçı-publisistlər də, jurnalist adını daşıyanlar da. Çünki o, nə az, nə çox ömrünün 40 ildən artıq bir müddətini kağız-qələmlə, söz sənətilə təmasda keçirib. Fərəc müəllimin peşəsinə olan dərin marağı, yazıb-yaratmaq eşqi, rəngarəng şeirləri, poemaları onları mütaliə edən hər bir kəsin ağlında müəllifin ilkin eskizlərini yaradır. Onun yaradıcılıq dünyasına səyahət edərkən insan talelərinə söykənmiş publisistik yaradıcılıq nümunələri ilə yanaşı yurduna, doğma elinə, Naxçıvana qırılmaz tellərlə bağlanması, şeirlərinin hər birində sanki məmləkətinin xoş gününə sevinməsi, şadlanması oxucularını daha da qürurlandırır.
Ötdün tarix sınağından,
Ərənlər keçdi canından.
Əskik olmaz qonağından,
Qürurum, şöhrətim, şanım,
Mənim doğma Naxçıvanım.
...1947-ci ildə Culfa rayonunun Yaycı kəndində Rza kişinin ailəsində dünyaya gələn yazıçı-publisist Fərəc Fərəcov elə ilk təhsilini də həmin kənddə alıb. Uşaqlıq illərindən ədəbiyyata, poeziyaya maraq göstərən ziyalının bu ülvi həvəsi illər keçdikcə onu publisistikaya, mətbuat sahəsinə, ələ qələm alıb yazıb-yaratmağa sövq edib. 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dil-ədəbiyyatı fakültəsinə daxil olub, 1971-ci ildə isə həmin ali təhsil ocağını müvəffəqiyyətlə başa vurub. Ali məktəbi bitirdikdən sonra 1971-1972-ci illərdə Culfa şəhər 1 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Gənclik illərindən mətbuat sahəsində fəallıq göstərən Fərəc müəllim 1972-1977-ci illərdə Naxçıvan Muxtar Respublikasının “Zəfər” rayon qəzetində şöbə müdiri kimi jurnalistlik fəaliyyətinə qədəm qoyub, 1988-1994-cü illərdə isə həmin qəzetin (sonralar “Arazın səsi” adlandırıldı) redaktoru kimi fəaliyyətini davam etdirib. 1977-1978-ci illərdə isə “Şərq qapısı” qəzetində Culfa -Ordubad rayonları üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1994-1996-cı illərdə Culfa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini kimi məsuliyyətli vəzifəni icra edib. Yazıçı-jurnalist Fərəc Fərəcov 1997-2000-ci illərdə “Şərq qapısı” qəzetinin bölgə müxbiri kimi məhsuldar jurnalistlik yaradıcılığı ilə məşğul olub. 2005-2012-ci illərdə Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində fəaliyyət göstərib. Azərbaycan və Naxçıvan Yazıçılar birliklərinin üzvü olmaqla bərabər, həm də 2016-cı ildə Türkiyə Elm və Ədəbiyyat Sahiblərinin Məslək Birliyinin üzvü seçilmişdir.
Fəaliyyətini yalnız yazıb-yaratmaqla yekunlaşdırmayan Əməkdar jurnalist siyasi müstəvidə də çıxış etməklə II, III, IV və V çağırışlarda Ali Məclisin deputatı kimi fəaliyyət göstərib. Hazırda altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olan Fərəc Fərəcovun əsərləri bir çox dünya dillərinə tərcümə edilmişdir. Yetmiş beş illik fəaliyyətində bir çox istiqamətlərdə göstərdiyi fəallıqlar içərisində tədqiqat xarakterli ədəbi yaradıcılıq nümunəsi olan “Muxtar respublika mətbuatı: Dünən və bu gün” və “Jurnalist” kitabları da onun gərgin zəhməti və səyi ilə işıq üzü görüb. Bununla belə həm də o, ondan çox bədii-publisist kitabın müəllifidir.
Azərbaycan ədəbi-bədii yaradıcılıq məkanında bir çox ziyalılarımız arasında Fərəc Fərəcovun özünəməxsus yeri var. Akademik İsa Həbibbəylinin belə bir fikri dilə gətirdiyimiz bu qənaəti dəqiq təsdiqləyir: “Bədii və publisistik yaradıcılıq fəaliyyəti Fərəc Fərəcovun taleyi və tərcümeyi-halıdır”. Akademikin bu qənaətə gəlməsi iki mühüm fakta söykənir: birincisi, İsa Həbibbəyli kimi ədəbiyyata, publisistikaya elmi istiqamətdən ustad alim münasibətində olan bir insan Fərəc Fərəcovu hələ Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında bir kursda oxuduqları zamandan tanıması; ikincisi, onun elə bu çağdan başlayan yaradıcılığına bir dost kimi yaxından bələd olması. İsa Həbibbəyli Fərəc Fərəcovla hələ tələbəlik illərindən dost olduqlarını, onun ədəbi-bədii yaradıcılığa hardan, haçan başladığını, bu sahədə uğurlarının necə meydana çıxdığını, hətta ictimai, rəsmi əmək fəaliyyətini filologiya elmləri doktoru Salidə Şərifovanın “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” adlı monoqrafiyasına yazdığı “Ön söz”də qələmə alır. Akademik İsa Həbibbəyli Fərəc Fərəcovun yaradıcılıq yolunu həmin məqalədə bu fikirlərlə oxucuya çatdırır: “Əməkdar jurnalist, yazıçı və publisist Fərəc Fərəcovu tanıdığım 1967-ci ildən bu günə qədərki çoxcəhətli fəaliyyətini qısaca olaraq aşağıdakı kimi ifadə etmək olar: özünü danışıqla, sözlə yox, əməldə və ədəbi-publisist yazılarda, əsərlərində ifadə etməyin nümunəsi”.
Yenə yolum düşdü Nəqşi-cahana,
Hər yanda toy-büsat, təravət gördüm.
Yaradan əllərdə, quran ellərdə,
Kökünə bağlılıq, sədaqət gördüm.
Fərəc müəllimin çoxşaxəli bədii irsi, yaradıcılıq yolu ilə tanış olarkən ilk olaraq onun publisistikasından qısaca da olsa bəhs etmək yerinə düşər. Bu, heç də təsadüfi deyil, ona görə ki Fərəc Fərəcov yaradıcılığa məhz publisistika ilə başlayıb və indi də bu sahəni vacib bir yaradıcılıq istiqaməti kimi fəal şəkildə davam etdirir. Burada ilk növbədə ziyalının bədii, daha sonra isə elmi publisistikası diqqəti cəlb edir. Yazıçı-jurnalist “Sən olmasaydın”, “Çətin günlərdə”, “Tanrı istəyi, tanrı qisməti”, “Zaman ötdükcə gözümüzdə ucalan dahi” və daha bir neçə kitabında ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin Vətən, dövlətçilik, xalq qarşısındakı xidmətlərini təhlil edir. Bu əsərlərdəki publisistikanı həm də ona görə elmi publisistika kimi qiymətləndirmək olar ki, həmin əsərlərdə qoyulan mövzu tarix, zaman və müasirlik qovşağında rəhbər gücünün, bu iradənin inkişafa, dövlətçiliyə tətbiqində elmi baxışa istiqamətləndiyini nəzərdə tutur. Adıçəkilən kitabların hər birində ölkəmizin keçdiyi tarixi inkişaf yolu oxucuya publisistikanın, ədəbi dilin gücü ilə sadə və lakonik tərzdə çatdırılır. Kitabları oxuyub təhlil etdikcə, Azərbaycanın sözügedən illərdəki inkişaf yolu oxucuya aydın olur.
Yazıçı-jurnalistin hekayə, esse, povest, iri formatlı janrlar, maraqlı elmi yanaşmaların əks olunduğu əsərləri də vardır ki, onların hər biri müəllifin yaradıcılıq ruhunun ən gözəl nümunələri hesab olunur. Mövzumuzun bu məqamında yazıçının “Aydın sabahlar”, “Ömür bir nağıldır” kimi əsərlərinə - romanlarına diqqət çəkmək istərdim. Məlum olduğu kimi, avtobioqrafik əsərlərdə müəllifin özünün obrazı vasitəsilə ədəbi portretin yaradılması, həmçinin müəllifin həyat və yaradıcılığının işıqlandırılaraq gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Elə bu məqamda Əməkdar jurnalistin “Ömür bir nağıldır” kitabından verilən bir cümlə, hesab edirəm ki, bizim fikirlərimizi sübuta yetirəcək. “Əziz atam, üzünü görmədim, səninlə kəlmə kəsmədim, işdən evə dönəndə “atam gəldi” deyə yüyürüb boynuna sarılmadım. Qardaş-bacı şirinliyini də dada bilmədim...” Əsərin baş qəhrəmanının dilindən verilən bu cür daxili monoloqlarda fikirlər müəllifin daxili aləmini oxucuya aydın şəkildə çatdırır. Əsəri oxuyan hər kəs sanki hadisələrə müəllifin gözü ilə ağlayıb, onun gözü ilə də gülə bilir.
Yazımızın sonunda onu da diqqətə çatdıraq ki, İlahinin insana nemət kimi verdiyi söz və onun imkanlarından layiqincə istifadə edənlər istər dövlət qarşısında, istərsə də mənsub olduqları xalq içərisində özlərinə geniş nüfuz qazanır, öz əməklərinin bəhrəsini almağa qadir olurlar. Mövzumuzun qəhrəmanı Fərəc Fərəcovun da uzun illər mətbuat sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1975-ci ildə mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, 2017-ci ildə yazıçının 70 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Xatirə medalına və 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Yubiley medalına layiq görülmüşdür.
Ariflər deyirlər ki, həyat dünya qapısından içəri atılan addımla başlayan bir yolçuluqdu. Hər birimiz yıxıla-qalxa bu yolu yaxşı qət etməyə çalışırıq. Həyat yolunda o kəslər uğur qazanır ki, hər daim saf əməlləri, xeyir işləri, peşəsinə sədaqəti ilə sayılıb-seçilsin. Elə mövzumun qəhrəmanı Fərəc müəllim kimi. Eşitdikdə ki Fərəc müəllimin 75 yaşı tamam olur, insanın buna inanası gəlmir. Çünki enerji dolu qəlbi, zəngin təcrübəsindən danışdığı maraqlı sərgüzəştləri, gənc jurnalistləri öyrətmək, gələcəyin peşəkar jurnalisti kimi yetişdirmək istəyi sanki hər keçən gün daha da artır. Yubileyiniz mübarək olsun, dəyərli ziyalı, peşəkar jurnalist həmkarımız. Sizi bütün mətbuat kollektivi adından təbrik edir, sağlam ömür, can sağlığı, işinizdə, peşənizdə hər daim uğurlar qazanmağınızı arzu edirik...
Məcid Rəşadətoğlu