Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, fond tərəfindən əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq işlər görülüb, pensiya ödənilməsinə 15 milyon 417 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 336 min manat vəsait xərclənib. Eyni zamanda qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 133-ü yaşa, 18-i sağlamlıq imkanları məhdudluğa, 23-ü isə ailə başçısını itirməyə görə olmaqla, pensiya hüququ yaranan 174 nəfərə əmək pensiyası təyin edilib. Pensiya təyin olunanlardan 164-nə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 10 nəfərin isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 459 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Bundan başqa, dövlət icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan şəxslərə ödənişlər həyata keçirilib və qanunla müəyyən edilmiş məbləğdə vəsaitlərin həmin şəxslərin bank hesabına köçürülməsi təmin olunub. Sığortaedənlər tərəfindən dövlət icbari şəxsi sığortası üzrə 94 min 789 manat vəsait fondun xüsusi hesabına köçürülüb.
Ötən ay məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 11 milyon 456 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 10,4 faiz çoxdur. Ümumilikdə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 72,7 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Hesabat dövründə 260 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Eyni zamanda fərdi uçot sistemi sahəsində də işlər davam etdirilib, ilk dəfə əmək fəaliyyətinə başlayan 235 sığortaolunana fərdi şəxsi hesab açılıb.