Meymunçiçəyi virusunun yayılma yolları COVID-19-dan daha genişdir

A- A A+

Meymunçiçəyi əslində 1970-ci ildə aşkarlanıb və genetik olaraq təbiətə yad virus deyil. Hazırda ümumi vəziyyətə nəzər salsaq, demək lazımdır ki, o yeni növ koronavirus (COVID-19) kimi pandemiya deyil, lakin onunla əlaqədar həyəcan təbili çalınır. Hətta Amerika Birləşmiş Ştatlarında tədbirlər planı hazırlanır, peyvəndlə əlaqədar tədbirlər görülür. Məsələ burasındadır ki, meymunçiçəyi virusunun yayılma yolları COVID-19-dan daha genişdir. Əslində onu COVID-lə müqayisə etmək düzgün deyil, çünki tamam fərqli viruslardır. Meymunçiçəyi virusunun böyük ehtimalla pandemiya virusu olacağı gözlənilmir. Onun yayılma sürəti o qədər də yüksək olmasa da, aqressivliyi yüksəkdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Nazxanım Qasımova deyib.

Onun dediyinə görə, virusun əlamətləri suçiçəyinə çox bənzəyir, hətta əksər hallarda suçiçəyinə nisbətən daha mülayim keçir, 3-5 faiz hallarda daha ağır keçə bilər. İnfeksiyanın letallığı isə suçiçəyindən daha azdır: “Suçiçəyi ilə müqayisədə daha yüngül bir infeksiyadır. Uşaqların həmin infeksiyanı yaşaması daha yüngül, yaşlı vaxtı həmin infeksiyadan ötüşmək bir qədər çətin olur. Əlamətləri qızdırma, əzələ və oynaq ağrıları ilə başlayaraq səpgilərlə davam edir və yaxud da tam tərsinə olaraq səpgilər başlayıb ondan sonra baş ağrısı, qızdırma və digər iltihabi əlamətlər meydana gələ bilər. Meymunçiçəyi və suçiçəyinin səpgiləri bir-birinə çox bənzəyir, lakin daha çox sızanağa bənzəyir və irincikli kimi görünür. Suçiçəyi səpgisinin tam eyni deyil, bir qədər fərqlənir. Lakin klinik olaraq isə suçiçəyinə çox bənzəyir”.

Meymunçiçəyi virusunun yoluxma yolları və ondan qorunma üsulları barədə danışan mütəxəssis deyib: “İnfeksiya xəstə ilə birbaşa və uzunmüddətli təmas zamanı hava yolu ilə də keçir. Xəstənin səpgilərinə əl vurulursa, əlbəttə, yoluxma baş verir. Xəstənin istifadə etdiyi yataq və qab-qacaq dəsti ayrılmalıdır. Xəstəliyin aktiv dövründə onun istifadə etdiyi və toxunduğu bütün əşyalar yoluxucu hesab olunur. Bundan başqa meymunçiçəyi həm də qida vasitəsilə yoluxur. Yoluxmuş, xəstə heyvanın əti ilə qidalandıqda belə yoluxma baş verə bilər. Başqa bir yoluxma yolu isə heyvanlar, eləcə də ev heyvanları vasitəsilə ola bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: