Su bədən quruluşunu və həyatı sağlam şəkildə davam etdirmək üçün vacib rol oynayır. Hər gün 2-3 litr su içmək lazımdır. Qəbul edilən su hər kəsin çəkisinə görə dəyişir, çəki artdıqca suya olan tələbat da artır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Emin Əfəndibəyli deyib: “Gündəlik su qəbulunun miqdarı kişilər üçün 3 litr, qadınlar üçün 2,5 litrdir. Orqanizmin qəbul etdiyi su iki mənbədən əldə edilir. Bunun 80 faizə qədəri maye halında olan sərinləşdirici içkilərdən, 20 faizi isə istehlak olunan qida məhsullarından ibarətdir”.
Gündəlik olaraq içilən çaylar düzgün qablaşdırılmadıqda və saxlanılmadıqda faydalı xüsusiyyətlərini itirir. Çay dəmlənən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynadandan sonra dərhal çayı dəmləmək düzgün deyil. Qazlı içkilərin istehlakı isə qidalanma və sağlamlıqla birbaşa əlaqədardır. Bu tip içkilərin istifadəsi enerji qəbulu, həmçinin çəki artımı ilə müşayiət edilir.
“Plastik qablaşdırmada olan maye günəş işığı altında qalıbsa, otaq temperaturuna və ya sərin mühitə keçəndə qapağının ağzında qabarcıqlar yaranır. Bu, tərkibindəki suyun buxarlanması və temperatur aşağı düşdüyü zaman təkrar maye halına çevrilməsi prosesidir. Həmin proses qazlı içkilərdə karbon-dioksidin ətraf mühitə keçməsi kimi başa düşülə bilər. Bunun nəticəsində qazlı içkilərin keyfiyyət göstəriciləri itirilir”, - deyə E. Əhmədbəyli bildirib.
Orqanizmdə su balansının qorunması beynin idrak fəaliyyətinin və əhval-ruhiyyənin tənzimlənməsində mühüm rol oynayır. Bol su içmək oynaq ağrılarının qarşısını alır, həzm prosesini sürətləndirir.
Həkim-terapevt Mətanət Cəfərova deyib: “Yay aylarında su içmək orqanizmdə gedən mübadilə proseslərini daha da sürətləndirir, tərlə suyun çıxması daha çox baş verir. Maye qəbulu bir dəfəyə olmamalıdır, çünki bir dəfəyə litrlə maye qəbulu orqanizm üçün ziyanlı ola bilər”.
Araşdırmalara görə, yaş artdıqca bədəndə ümumi su miqdarı tədricən azalır. Həmin miqdar kişilərlə müqayisədə qadınlarda bir qədər aşağı olur, bədənin təxminən 66 faizini təşkil edir. Bunun başlıca səbəbi isə qadınlarda kişilərə nisbətən daha çox yağ toxumasının olmasıdır.