Mərhəmət, həmrəylik və xeyirxahlıq bayramı

A- A A+

Hər zaman zəhmət ilə rəhmət, acı ilə şirin, möhnət ilə nemət bir-birinin tamamlayıcısı olub. Çox vaxt nemət və rəhmətə nail olmağın yolu zəhmət və möhnətə qatlanmaqdan keçir. Bu yönü ilə səbr və dözüm nailiyyət və qalibiyyətin açarıdır. Səbr insanın çətinliyə qarşı müqaviməti, göstərdiyi mətanətidir.

Hər il müsəlman aləminin böyük sevinc içərisində qeyd etdiyi mübarək Qurban bayramı da səbrin, nemətə şükür etməyin, nəfsi tərbiyə etməyin, varlıq içində yoxluğu tanımağın, Allaha yaxınlaşmağın yoludur.

Hicrətin 2-ci ilində, təqribən 1398 il əvvəl müsəlmanlar tərəfindən qeyd edilməyə başlanan Qurban bayramı hicri-qəməri təqvimlə ilin sonuncu ayı olan Zilhiccə ayının onuncu günü qeyd olunur. Zilhiccə sözünün mənası “Həccin sahibi” deməkdir. Bu da həmin ayda müsəlmanların həcc ziyarətini icra etməsi ilə bağlıdır.

Bu mübarək bayramın mahiyyəti insanın ali dəyərlər uğrunda, Allah yolunda fədakarlığın zirvəsinə yüksəlməyə çalışmasıdır. İbrahim əleyhissalamın timsalında da bu baş verib. Onun Allah yolundakı fədakarlıq təlimi bütün insanlıq üçün rəhmət və qurtuluş olmuş, insanın bağışlanmasının rəmzi halına gəlmişdir.

Qurban həm də insanın öz nəfsi üzərində qələbə çalmasıdır. Çünki nəfsi istəklər içərisində övlad, can sevgisi əsas yer tutur. Lakin İbrahim peyğəmbər və xanımı Həcər sevimli övladları İsmayıldan Allah yolunda keçməyə razı olur. Bu fədakarlıq isə yalnız çox güclü iman sayəsində mümkündür. Öz sevimli oğlunun Allah yolunda qurban verilməsinə razı olan Həcərin bir ana kimi övladından keçməsi o zamana qədər görünməmiş misilsiz bir qadın fədakarlığı idi.

Beləliklə, Qurban bayramı - ata, ana və övladın, Ali-İbrahim olaraq hər namazda salam oxunan o dəyərli ailə fərdlərinin fədakarlıq imtahanını uğurla keçməsinin adıdır. Məhz həmin gün ata-oğul, bu iki peyğəmbərin sonrakı ümmətlərə xatirəsi olaraq insanın ağır sınaqdan keçməsi və ilahi mərhəmətin bəxş edilməsini Qurban bayramı kimi qeyd edirik.

Bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirən bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Qurban həm də cəmiyyət üçün mühüm töhfələri olan bir ibadətdir. Bu sayədə insan ona bəxş edilən canın nə qədər qiymətli olduğunu dərk edir. Eyni zamanda Allah yolunda kəsilən qurbanın necə dəyər qazandığına da şahid olur. Nəticədə, təbiətə və digər canlılara qarşı mehriban və qayğıkeş münasibət göstərməli olduğunu, qurbanın da buna vasitə olduğunu anlayır.

Min illərdir yaşadığımız bu torpaqlarda hər zaman olduğu kimi bu gün də ən böyük gücümüz birliyimiz və bərabərliyimizdir. Bu müqəddəs günləri fürsət bilərək, tarix boyunca birliyimizi təmin edən dəyərləri yaşatmaq, ehtiyacı olan insanların yanında olmaq inanc və mədəniyyətimizin gərəyidir. Bu bayram həmrəyliyin, birliyin, yoxsula, kimsəsizə ümid olmanın bayramıdır. Hər bir incikliyin unudulduğu, dostluq və bərabərlik duyğularının gücləndiyi, sevinc və xoşbəxtliyin yaşandığı bu mübarək günlərdə fərdlər bir-biri ilə bütünləşir, cəmiyyət şüuru dərinləşir.

Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür. Bu günlərdə respublikamızın bütün bölgələrində Allahın adına qurbanlar kəsilir, məscidlərdə xalqımızın və dövlətimizin firavanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur.

Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət göstərilir, adət-ənənələrimizə həmişə ehtiramla yanaşılır. İslam mədəniyyətinin inkişafında özünəməxsus yeri olan doğma yurdumuzda dini mərasimlər, o cümlədən Qurban bayramı böyük təntənə ilə qeyd edilir, qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, məscidlərdə bayram namazı qılınır, dövlətimizin tərəqqisi və vətənimizin xoşbəxt gələcəyi üçün dualar edilir. Qurban bayramı günlərində qayğıya ehtiyacı olan ailələrin yad olunması, onlara bayram sovqatlarının verilməsi də dinimizə olan ehtiramın ifadəsidir. Allah ibadət və dualarınızı qəbul etsin. Qurban bayramınız mübarək olsun!

 

Orxan Məhərrəmov

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: