Uşaqların gündəlik qida menyusuna zülal, karbohidrat, yağ, vitamin, mineral qida məhsulları daxil edilməlidir. Qeyri-sağlam qidalanma uşaqlarda mədə, ürək-damar, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir.
NUHÇIXAN İnformasiya Agentliyi Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qeyri-sağlam qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar. Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır. Uşaqlarda piylənmə hazırda geniş yayılmış və ciddi sağlamlıq problemlərindən biridir. Səmərəli qidalanmanın ən vacib şərtlərindən biri də qida qəbulları arasındakı fasilənin gözlənilməsidir. Qidanın yaxşı çeynənməsi də şərtdir. Bu tələblərə riayət olunmayanda uşaqlarda həzm prosesi pozulur, orqanizmdə bir çox patoloji dəyişikliklərin yaranması üçün zəmin yaranır. Uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur. Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidir.