Müasir dünyada ümumbəşəri problemə çevrilən işsizlik, yoxsulluq hər bir ölkə tərəfindən milli və beynəlxalq səylər hesabına aradan qaldırılmağa çalışılır. Məhz buna görə də bu məsələ nəinki ayrı-ayrı dövlətlərin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların gündəliyində əsas hədəfə çevrilib. Müstəqilliyimizin ilk illərində ölkəni bürüyən siyasi böhran və iqtisadi tənəzzül əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuş, nəticədə Azərbaycanda yoxsulluq səviyyəsi yüksəlmişdi. Elə həmin illərdə Azərbaycanın ayrılmaz parçası Naxçıvanda da bu sarıdan vəziyyət heç də ürəkaçan deyildi. Hər fürsəti işğalçılıq üçün dəyərləndirən mənfur ermənilərin Naxçıvana ardı-arası kəsilməyən hücumları, blokadanın yaratdığı çətinliklər, enerji təminatında yaranan fasilələr, muxtar diyarda insanların sosial rifah halının aşağı olması Naxçıvanın həmin dövrlər üçün ictimai-siyasi və sosial-iqtisadi vəziyyətini xarakterizə edirdi. Söz yox ki, blokadanın yaratdığı bütün çətinliklər və digər bu kimi amillər əhalinin məşğulluğuna da mənfi təsirsiz ötüşmədi. Zavod və fabriklərin bir çoxu fəaliyyətini dayandırdı, iş yerləri bağlandı, hətta əhalinin şəxsi təsərrüfatlarında mal-qaranın sayı da kəskin şəkildə azaldı. “Həmin illərin Naxçıvanı”na göz yetirərkən 1991-ci ilin 6 may tarixində çap olunan “Şərq qapısı” qəzetində belə bir yazı qarşıma çıxdı: ”...Zavodumuz (söhbət Naxçıvan Şərab zavodundan gedir) problem və çətinliklər zolağına düşmüşdür. Ötən il plana vur-tut 58 faiz əməl edilmişdir. Butulka və zavodun digər materiallarının göndərilməməsi ucbatından müəssisə bağlanmaq təhlükəsinə düşmüşdür. Təkcə bunu qeyd etmək lazımdır ki, ötən il 400 min ədəd butulka alınmamışdır. Boşdayanmalar, tapşırıqların kəsirlə yerinə yetirilməsi əmək adamlarının zəhmət haqqına mənfi təsir göstərir. Elə buna görə də hər bir əməkçinin orta aylıq əməkhaqqı 50-60 manata enmişdir. İndi gəl görək, qiymətlərin kəskin bahalaşdığı bazarların od-tutub yandığı bir vaxtda bununla və verilən kompensasiya ilə yaşamaq olarmı?”
Bir sözlə, həmin dövrdə Naxçıvan həm coğrafi cəhətdən, həm də günü-gündən daha da pisləşən vətəndaş rifahının blokadasına düşmüşdü.
Hələ xalqın xilaskar oğlu Heydər Əliyevin şəxsi təşəbbüsləri hesabına Naxçıvanda sözügedən problemlərin həlli üçün 90-cı illərin əvvəllərində bir sıra işlər görülməyə başlandı. Ulu öndər həm Naxçıvanın təhlükəsizliyinin təmin edilməsinin, həm də əhalinin rifah halının yaxşılaşdırılmasının maksimum şəkildə həllini tapmağa çalışırdı. Ancaq bu məsələ 1990-cı ilin ortalarından başlayaraq Naxçıvanda aparılan dövlət siyasətinin mühüm qolunu təşkil etməyə başladı. Əhalinin məşğulluq problemi tədricən həll olunurdu. İctimai və şəxsi təsərrüfatlarda da mal-qaranın sayı ildən-ilə artmağa başlamışdı. Yenə də yazılı mənbəyə müraciət edək:
“1996-cı ilin birinci rübünün sonunda muxtar respublikanın məşğuliyyət mərkəzlərində işə düzəlmək üçün 8581 nəfər müraciət etmişdir. 1 may 1996-cı il vəziyyətinə işsiz statusu almış 5203 nəfərdən 111 nəfərinə işsizliyə görə müavinət verilmişdir. Rüb ərzində 34 nəfər işsiz işlə təmin edilmişdir”.
…"1996-cı il aprelin 1-nə muxtar respublikanın ictimai təsərrüfatlarında 4696 baş qaramal, o cümlədən 1517 baş inək və camış, 25137 baş qoyun və keçi, 23730 baş quş olmuşdur. Muxtar respublika üzrə bütün təsərrüfat kateqoriyalarında 34,7 ton mal-qara və quş əti, 36 min ədəd yumurta tədarük edilmişdir. 1995-ci ilin müvafiq dövrü ilə müqayisədə mal-qara və quş tədarükü 11 faiz artmışdır".
“Şərq qapısı” qəzeti, 1996-cı il 1 iyun.
Rəqəmlər də göstərir ki, 90-cı ilin ikinci beşilliyindən etibarən Naxçıvanda əhalinin rifahı naminə görülən işlər artıq yavaş-yavaş bəhrəsini verirdi.
Sonrakı dönəmdə muxtar respublikada məşğulluğun təmin edilməsi
Bəllidir ki, əhalinin rifah halı ölkənin iqtisadi inkişaf tempindən birbaşa asılıdır. Əgər iqtisadiyyat dayanıqlı və dinamik inkişaf tempindədirsə, deməli, bu amil vətəndaşın da güzəranına müsbət təsir göstərəcək. Naxçıvanda məhz həmin illərdən etibarən xüsusilə Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmasların sıxlaşdırılması, qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması, ixracyönümlü məhsulların istehsal prosesinin ildən-ilə genişləndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması işin əsas hissəsini təşkil edirdi.
Bu gün Naxçıvanda əhalinin məşğulluğunun təmin edilməsi, onların əmək fəaliyyətinə cəlb olunması üçün istər milli, istərsə də beynəlxalq təcrübəyə əsaslanan işlər həyata keçirilir. Çoxdan dövlət siyasətinin əsas prioritetinə çevrilən əhalinin məşğulluq probleminin həllində dövlət proqramlarının qəbul edilməsi və uğurlu icrası, yeni yaradılan iş yerləri, sahibkarlığa göstərilən dövlət dəstəyi, ailə təsərrüfatlarının yaradılması və bu təsərrüfatların daha da inkişaf edərək istehsal müəssisələrinə çevrilməsi üçün ayrılan kreditlər əsas amillər kimi qiymətləndirilir.
Amma dövlətin bu işdə birbaşa iştirakı əhalinin məşğulluğunun təminatına xeyli stimul oldu. Belə ki, hələ 2007-ci il 30 may tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan Naxçıvan Muxtar Respublikasında 2007-2010-cu illərdə Məşğulluq Strategiyasının həyata keçirilməsi, o cümlədən əhalinin məşğulluğunun artırılması üzrə 2014-2015-ci illəri əhatə edən dövlət proqramlarının icrası yeni açılan iş yerlərinin sayının artmasına, müxtəlif sosial kateqoriyalara məxsus şəxslərin əmək fəaliyyətinə cəlb olunmasına təkan verdi. Belə ki, 2007- 2010-cu illərdə muxtar diyarda 20 min 559, 2014-2015-ci illərdə isə 6713 yeni iş yeri açıldı. Məlumat üçün qeyd edə bilərəm ki, təkcə 2004-2018-ci illər arasında Naxçıvanda 73337 iş yeri açılıb. “2014-2015-ci illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar olaraq 6695 işaxtaran vətəndaş qeydiyyata alınıb. Bunlardan 5537 nəfəri iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub.
Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası isə görülən işlərin əhatə dairəsini daha da genişləndirdi. Proqramın 5 il ərzində uğurla icra olunması nəticəsində muxtar respublikada 12 min 479 yeni iş yeri açılıb. Qeyd edim ki, sözügedən Dövlət Proqramının icrası ilə əlaqədar 18567 işaxtaran vətəndaş qeydiyyata alınıb. Bunlardan 14699 nəfəri iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. 2011-ci ildən 2022-ci ilin ilk 3 ayınadək olan göstəricilərə nəzər salaq: Naxçıvanda 40 min 858 yeni iş yeri açılıb.
Hazırda məşğulluq üzrə növbəti 2021-2025-ci illəri əhatə edən 5 illik Dövlət Proqramının icrası üzrə işlər eyni məqsəd və daha yaxşı nəticə istiqamətində uğurla aparılır. Bu Dövlət Proqramının icrası ilə əlaqədar olaraq 2021-ci ildə 3689 işaxtaran vətəndaş qeydiyyata alınıb. Bunlardan 2972 nəfəri iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. 2022-ci ilin birinci yarısında isə qeydiyyata alınan 1728 işaxtaran vətəndaşdan 1313 nəfəri işlə təmin olunub.
Məşğulluqda ən yaxşı və səmərəli metod- özünüməşğulluq
Naxçıvanda əhalinin məşğulluq məsələsini xüsusi diqqətdə saxlayan Ali Məclisin Sədri bu barədə deyib: “Muxtar respublikada məşğulluq problemi daim diqqət mərkəzində saxlanılır. İstər dövlət, istərsə də özəl sektorda yeni iş yerləri yaradılır. Lakin əhali sayında müşahidə olunan müsbət dinamika öz növbəsində gələcəkdə yeni iş yerlərinə tələbatı artıracaqdır. Ona görə də vətəndaşlar üçün daha əlverişli olan özünüməşğulluq sisteminə keçməkdir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu fikirləri özünüməşğulluğun dünya təcrübəsində öz bəhrəsini verən və əhali üçün daha əlverişli sayılan məşğulluq proqramı olmasını bir daha təsdiqləyir.
Qədim Çin filosofu Konfutsinin belə bir fikri var: ”Bir adama yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət”. Özünüməşğulluq proqramı məhz bu prinsipi özündə ehtiva edir. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması üçün vətəndaşa verilən mal-qara və digər məşğuliyyət avadanlıqları onun güzəranını daha da yaxşılaşdırır. Belə ki, 5 il bundan öncə mal-qara verilən vətəndaşlardan artıq geniş təsərrüfat sahibinə çevrilənlər az deyil. Bu gün onlar həm heyvanından satır, həm də südündən və ondan hazırladığı məhsullardan gəlir götürür. Yəni insanlar dövlət dəstəyini alır, zəhməti hesabına əlindəki mal-qaranı daha da çoxaldır. Demək olar ki, Naxçıvanda vətəndaşların ünvanlı dövlət sosial yardımından asılılığı minimuma endirilib. Məqsəd də elə budur. Vətəndaşın dövlətdən sosial asılılığını azaltmaq. Çünki yalnız bu halda vətəndaş özünə və dövlətinə xeyir verə, inkişaf edə və etdirə bilər. Bəs bu metod-özünüməşğulluq tətbiq olunduğu gündən nə qədər öz bəhrəsini verib? Gəlin rəqəmlərlə danışaq. Ötən son 5 ildə özünüməşğulluğun geniş vüsət alması nəticəsində 1107 ailə bu proqramdan yararlanıb. Artıq ailələrə verilən canlı aktivlərdə isə 2500-ə yaxın artım müşahidə olunur. 5 illik göstərici üçün bunlar kiçik rəqəmlər deyil. Elə misal kimi onu deyə bilərəm ki, 4 il bundan öncə məhz özünüməşğulluqla bağlı təsərrüfatından çəkiliş etdiyimiz Şərur rayon sakini Həsən Cəfərova bir baş yanında balası olan inək verilmişdi. 2 il sonra həmin ünvana üz tutduğumuzda isə o mal-qaranın sayını 10-a çatdırmışdı. Həsən Cəfərova nümunəvi təsərrüfatçı kimi südsağan aqreqat da verilib. İndi o hər il mal-qarasından satır, həm də südsağan maşının köməyi ilə daha çox məhsul əldə edir və bundan gəlir götürür.
Onu da deyim ki, bu proqramdan yararlananlar daha çox şəhid ailələri, müharibə veteranı, ailə başçısını itirən, sağlamlıq imkanları məhdud və cəzaçəkmədən azad olan şəxslərin ailələridir.
İşin yaxşı tərəflərindən biri də budur ki, artıq 2017-ci ildən icrasına başlanılan bu sosial ədalət prinsipli dövlət proqramının tətbiqi iri dövlət və özəl qurumları, istehsal müəssisələrini, sahibkarlıq subyektlərini də bu işə qoşulmağa sövq edib. Bu ildən etibarən sosial tərəfdaş qismində özəl kommersiya müəssisələrinin iştirakı isə özünüməşğulluq proqramının əhatə dairəsini genişləndirib. Əhalinin rifah halının yaxşılaşdırılması proqramına tərəfdaş olaraq qoşulmaq istəyən müxtəlif qurumlar və sahibkarlıq subyektlərinin də sayı artmaqdadır.
Özünüməşğulluq çərçivəsində vətəndaşa sadəcə mal-qara verilmir. Onlara müxtəlif işlərlə məşğul olmaq üçün avadanlıqlar, aqreqatlar təklif olunur. Həmin şəxslər də aqreqatlardan həm təsərrüfatlarında istifadə edir, həm də müəyyən məbləğ qarşılığında çalışaraq özlərinə qazanc götürürlər. Kimi dərziliklə məşğul olur, kimi də yerşumlayan aqreqatla zəhməti hesabına qazanc əldə edir. Bax belə...
Əlbəttə, dəstək göstərmək işin bir tərəfidirsə, verilənlərdən düzgün yararlanmaq, səmərəli istifadə etmək də işin digər yanıdır. Bu məqsədlə aktiv verilmiş ailələrin təsərrüfatlarında monitorinqlər aparılır. Bu zaman təsərrüfatını nümunəvi inkişaf etdirən vətəndaşlara onların işinə kömək edəcək yardımçı aqreqatlar da verilir. Bugünədək təsərrüfatını nümunəvi inkişaf etdirən 38 ailəyə stimullaşdırıcı tədbir kimi əlavə aqreqatlar verilib ki, bu da onların işini həm birə-beş asanlaşdırır, həm də daha çox qazanc əldə etmələrinə imkanlar açır. Bu yardımçı aqreqatlar əsasən südsağan maşın, otdoğrayan və bu kimi müxtəlif avadanlıqlar olur ki, bu da təsərrüfatla məşğul olan vətəndaşı daha da sevindirir.
Mən özünüməşğulluq proqramının əhəmiyyəti, insanların qazanc əldə etməyi, məşğuliyyətinin təmin olunması haqqında qeyd etdim, amma muxtar respublikada hər il kompleks məşğulluq tədbirləri çərçivəsində əmək yarmarkaları və peşə kurslarının əhəmiyyətini də unutmaq olmaz. 2014-cü ildən bugünədək təkcə Naxçıvan Regional Peşə Tədris Mərkəzinə 2966 müdavim peşə hazırlığına, 614 nəfər ixtisasartırma kursuna, 193 nəfər cəzaçəkmə müəssisəsində təşkil olunan kurslara cəlb edilib. Həmin kursları bitirən 1287 nəfər müvafiq peşə sahələri üzrə işlə təmin olunub. Eyni zamanda 2014-cü ildən 2022-ci ilin birinci yarısınadək 2165 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Yazımın əvvəlində qeyd etdiyim kimi Naxçıvanın ən çətin dönəmlərindən başlayaraq əhalinin rifah halının yaxşılaşdırılması dövlətin həm sosial öhdəliyi, həm də əsas probemi kimi qarşıda dayanmışdı. Ancaq sadaladığım bütün bu strateji addımlar bu gün yenə də blokadada olan Naxçıvanda məşğulluq probleminin həllinə çox mühüm töhfə verib. Naxçıvanda isə 1991-ci ildən bugünədək coğrafi cəhətdən blokadada qalmaqdan başqa çox şey dəyişib. Dünyanın çalxalandığı, sabitliyin, əmin-amanlığın bu qədər pozulduğu, ərzaq çatışmazlığının qaçılmaz olduğu bir vaxtda hər cəhətdən təhlükəsiz olan Naxçıvanda bu reallıqlar bir ideya, bir yol, bir siyasi kurs nəticəsində əldə olunub. Yazının yekununda yenə də 1990-cı illərin “Şərq qapısı”na müraciət edəcəyəm. Tarix 1996-cı il, 10 may: “Biz bu gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvanda işlədiyi vaxt çıraq işığında qəbul etdiyi qərarları yerinə yetiririk”.
Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
Azərbaycan Respublikası Milli Məclisinin üzvü
Şübhəsiz ki, o qərarların sırasında əhalinin güzəranının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, ən başlıcası ulu öndərin ana Vətəni Naxçıvanın çiçəklənməsi var idi. Bəli, çıraq işığında qəbul edilən o qərarlar və sonrakı dönəmdə onların düzgün, uğurlu icrası xalqın qaranlıq yoluna, naməlum gələcəyinə çıraq tutdu. O qərarların icrasında çəkilən zəhmət bu gün Naxçıvanı, bütövlükdə Azərbaycanı dövrün parlayan inkişaf işığına qərq edib.
Gülməmməd Əliyev
"NUHÇIXAN" İnformasiya Agentliyinin baş redaktoru