ÜST: Yeni vaksinlər antibiotiklərə qarşı davamlılıqla mübarizə aparmağa kömək edəcək

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antimikrob preparatlara qarşı davamlı patogenlərin törətdiyi infeksiyaların qarşısını almaq üçün vaksinlərin hazırlanmasına dair ilk hesabatını dərc edib. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yeni vaksinlərin sınaqdan keçirilməsini sürətləndirmək və mövcud vaksinlərdən maksimal dərəcədə istifadə etmək zərurətini göstərir.

Antimikrob preparatlara qarşı davamlılığın “sakit” pandemiyası ictimai səhiyyə üçün daha ciddi problemə çevrilir. Təkcə davamlı bakterial infeksiyalardan hər il təxminən beş milyon insan dünyasını dəyişir, bundan başqa 1,27 milyon insanın ölümü isə birbaşa preparatlara davamlılıqla bağlıdır. Lakin davamlılıq təkcə bakterial infeksiyalara təsir etmir. Davamlılıq bakteriyalar, viruslar, göbələklər və parazitlər dəyişdikdə, dərmanlara reaksiya vermədikdə, müalicəsi çətin olduğu zaman yaranır.

Vaksinlər infeksiyaların, o cümlədən antimikrob preparatlara qarşı davamlı olanların qarşısını almaq üçün effektiv vasitədir. ÜST klinik işlənmə və sınaqların müxtəlif mərhələlərindən keçən altmış bir vaksin müəyyən edib. Hesabatda qeyd olunur ki, onların əksəriyyəti yaxın vaxtlarda istifadəyə verilməyəcək.

“Vaksinasiya yolu ilə infeksiyaların qarşısının alınması antibiotiklərin istifadəsini azaldır ki, bu da müqavimətin yayılmasını azaldır. Buna baxmayaraq, davamlılıq ucbatından ölümə səbəb olan altı əsas bakterial patogendən yalnız biri, pnevmokoka qarşı vaksin var", - deyə ÜST-nin baş direktorunun köməkçisi Hanan Balhi bildirib. O hesab edir ki, insan həyatını xilas etmək və davamlılığın qarşısını almaq üçün pnevmokoka qarşı mövcud olan vaksin kimi həyati əhəmiyyət kəsb edən vaksinlərə bərabər çıxış əldə olunmalıdır.

ÜST mövcud vaksinlərə, xüsusən də məhdud resurs baxımından əhali qrupları arasında universal çıxışı təmin etməyə çağırır. Dörd prioritet bakterial patogen olan pnevmokok, hemofil infeksiya, vərəm və qarın yatalağına qarşı peyvəndlər artıq hazırlanıb. Ekspertlərin fikrincə, vərəmə qarşı BCG peyvəndi tam müdafiəni təmin etmir.

“Vaksinlərin işlənib hazırlanması elmi cəhətdən bahalı və çətin məsələdir, çox vaxt uğursuzluq dərəcəsi yüksəkdir, uğurlu namizədlər isə çətin prosesdən keçirlər. Biz COVID-19-a qarşı vaksinin işlənib hazırlanmasından aldığımız dərsdən nəticə çıxarmalıyıq və antimikrob preparatlara qarşı davamlılıqla mübarizə aparmaq üçün vaksinlərin axtarışını sürətləndirməliyik”, - deyə ÜST-nin İmmunizasiya, vaksinlər və bioloji preparatlar Departamentinin direktoru Keyt O'Brayen bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: