Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, cari ilin birinci yarımili ərzində 3565 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bunun 1119-u ilkin, 2446-sı təkrar qeydiyyatdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin sayı 3,5 faiz artıb.
Dövlət reyestrində qeydiyyata alınmış əmlaklardan 1300 torpaq sahəsi, 53 qeyri-yaşayış binası, 48 qeyri-yaşayış sahəsi, 782 mənzil, 1364 fərdi yaşayış evi, 10 bağ evi, 8 əmlak kompleksi kimi müəssisə olub. Daxil olmuş müraciətlər əsasında 1014 əmlaka dair texniki pasport, 1532 torpaq sahəsinə dair plan-ölçü olmaqla, 2546 texniki sənəd hazırlanıb.
Qeyd edək ki, bəhs edilən dövr ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 1514-ü Naxçıvan şəhərinin, 709-u Şərur, 558-i Babək, 211-i Ordubad, 228-i Culfa, 177-si Şahbuz, 128-i Kəngərli və 40-ı Sədərək rayonlarının payına düşüb.
Ötən altı ay ərzində 48 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 30 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.