Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin internet saytı yenilənib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müasir proqram təminatı əsasında yenidən hazırlanmış internet saytı (supremecourt.nakhchivan.az) iyul ayının 15-də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni internet saytı məhkəmə-hüquq sistemində həyata keçirilən innovativ yeniliklərə və müasir iş prinsiplərinə uyğunlaşdırılıb. Saytın yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və saytı müasir tələblərə uyğunlaşdırmaqdır. İngilis və rus dillərində də fəaliyyət göstərən yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib.

İstifadəçilər saytın müvafiq menyuları vasitəsilə məhkəmə barədə məlumatları əldə edə, onlara lazım olan hüquqi aktların və məhkəmə sənədlərinin məzmunları ilə tanış ola, mətbuat xidmətinin fəaliyyəti ilə bağlı məlumatlana, həmçinin “Hüquqi maarifləndirmə” bölməsi vasitəsilə hüquqi maarifləndirici materiallardan yararlana bilərlər.

Vətəndaşların ədalət mühakiməsinə əlçatanlığını daha da asanlaşdırmaq saytın yenilənmiş tərtibatında xüsusilə nəzərə alınıb. Bu məqsədlə interfeysdə zəruri məlumatların və müvafiq keçidlərin olduğu yeni bölmə yaradılıb. İstifadəçilərin daha çox müraciət etdikləri “Əlaqə”, “Qəbul qrafiki” və “Onlayn müraciət” yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.

Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Həmçinin “Naxçıvan Muxtar Respublikası Məhkəmələri” başlıqlı panel vasitəsilə Naxçıvan Muxtar Respublikasında yerləşən digər məhkəmələrin Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalında mövcud olan səhifəsinə keçid edərək zəruri məlumatları əldə etmək imkanı nəzərdə tutulub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yenilənən sayt kompüter, planşet və smartfonların ekran ölçülərinə uyğun hazırlanıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: