Şərurda taxılçılıqla bağlı müşavirə keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətində  “Taxılçılığın inkişafı və qarşıda duran vəzifələr”lə bağlı  müşavirə keçirilib.

Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin və əməkdaşlarının  iştirak etdiyi müşavirədə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, Şərur rayonunda münbit torpaqlardan və hərtərəfli dövlət dəstəyindən yararlanaraq 16 min 234 hektar sahədə əkin aparılıb ki, onun da 4038 hektarını taxıl, 1376 hektarını kartof, 1032 hektarını qarğıdalı, 2058 hektarını tərəvəz, 329 hektarını paxlalı, 488 hektarını bostan, 68 hektarını günəbaxan, 8 hektarını tütün, 6837 hektarını isə cari və əvvəlki illərin çoxillik otları təşkil edir.

Vurğulanıb ki, strateji əhəmiyyəti olan taxılçılığın ötən illər ərzində inkişaf etdirilməsi üçün təsərrüfatçılara güzəştli şərtlərlə kreditlərin, gübrələrin, subsidiyaların, lizinq yolu ilə kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların verilməsi təmin olunub, əldə olunan məhsulun satışına hər cür şərait yaradılıb. Belə ki, bu il istehsal olunan buğdanın kiloqramının 60, arpanın isə 48 qəpikdən qəbulu həyata keçirilir. Hazırda Şərur rayonunun taxıl sahələrində biçin işləri sürətlə davam etdirilir. Hələlik 4 min 38 hektar taxıl sahəsinin 3878 hektarında biçin başa çatdırılıb, məhsuldarlıq orta hesabla 40,8 sentner təşkil edib.

İcra başçısı dövlət tərəfindən görülən tədbirlərə və təsərrüfatçılara göstərilən dövlət dəstəyi müqabilində əldə olunan nəticələrin istənilən səviyyədə olmamasını da diqqətə çatdırıb. Bildirib ki, bunun da əsas səbəbi, əkin sahələrində aqrotexniki qulluq tədbirlərinin lazımi səviyyədə aparılmamasıdır. Qarşıda duran əsas vəzifələrdən biri taxıl istehsalını artırmaqdır. Növbəti əkin mövsümündə tərtib olunmuş xəritələr üzrə əkilən taxıl sahələrinin genişləndirilməsi və sahələrdən yüksək məhsul götürülməsi üçün rayon icra hakimiyyətinin müvafiq şöbəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülməlidir.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov  bildirib ki, Şərur taxılçılığın ən çox inkişaf etdiyi rayonlardan biridir. Hər il sahələrdən bol məhsul götürülür. Amma buna baxmayaraq rayonda hələ də əkilməyən torpaq sahələri çoxdu. Bu sahələrin  əkin dövriyyəsinə qatılması üçün lazimi tədbirlər görülməlidir.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə  torpaqlardan  səmərəli istifadə edilməsi üçün görülən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev bildirib ki, 150 mln kubmetrlik Arpaçay su dəryaçasının, 470 subartezian quyusunun və 28 suvarma nasos stansiyasının istismarı imkan verir ki, Şərurda bütün əkin sahələri müvafiq normalar əsasında suvarma suyu ilə təmin olunsun. Məhsuldarlığın artırılması və şoranlaşmanın qarşısının alınması üçün sudan qənatlə istifadəyə diqqət daha da artırılmalıdır.

“Naxçıvan Aqrolizinq”  Açıq Səhmdar Cəmiyyətinin direktoru Vasif Məmmədov bildirib ki,  cəmiyyətdə  əkinçiliyin bütün sahələrində istifadə etmək üçün lazimi texnikalar var. Taxılçılar cəmiyyətə və rayon bazalarına vaxtında müraciət edərək  istədikləri texnikadan istifadə edə bilərlər. 

Müşavirədə taxılçılıq və məhsul istehsalındakı çatışmazlıqlar təhlil edilib, buraxılan nöqsanlar müzakirə olunub, bu sahənin daha da inkişafı üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

 

                                                                                                         Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: