Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 və meymunçiçəyi xəstəliyinin yayılması ilə mübarizə aparmaqla yanaşı əvvəllər sağlam olan uşaqlar arasında sirli hepatit hallarının yayılmasını da diqqətlə izləyir. Həmin virus onlarca uşağın qaraciyər transplantasiyasına ehtiyac da yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının yenilənmiş məlumatlarına əsasən, aprelin 5-dən bəri 35 ölkədə azyaşlı uşaqlarda səbəbi açıqlanmayan kəskin hepatit və ya qaraciyər iltihabının 1010-dan çox halı qeydə alınıb.
İndiyədək 22 uşaq həyatını itirib. Ehtimal edilən halların təxminən yarısı Avropada qeydə alınıb. Ümumilikdə 21 Avropa ölkəsində 484 hal, o cümlədən Böyük Britaniyada 272 hal qeydə alınıb, bu isə dünyada ümumi sayının 27 faizini təşkil edir. Avropadan sonra 435 hal ilə Amerika yer alıb, o cümlədən ABŞ-da 334 hal qeydə alınıb, bu isə dünyada qeydə alınan halların üçdə birini təşkil edir. Daha sonra Qərbi Sakit okean regionu (70 hal), Cənub-Şərqi Asiya (19) və Şərqi Aralıq dənizi (iki hal) qərarlaşıblar.
On yeddi ölkə beşdən çox ehtimal olunan hal barədə məlumat verib. Lakin ÜST hesab edir ki, yoluxmaların faktiki sayı daha çox ola bilər.
100 ehtimal olunan hallarda ən çox qeyd olunan simptomlar ürəkbulanma və ya qusma (halların 60 faizi), sarılıq (53 faiz), ümumi zəiflik (52 faiz) və qarın ağrısı (50 faiz) olub. Simptomların başlanğıcı ilə xəstəxanaya yerləşdirilmə arasındakı orta vaxt dörd gün təşkil edib.
Laborator araşdırmalara əsasən, xəstə uşaqlarda hepatit A və E aşkar edilməyib. Koronavirus kimi digər patogenlər bir sıra hallarda aşkar edilib, lakin bu günə qədər qəti nəticə çıxarmaq üçün kifayət qədər məlumat yoxdur.
ÜST bildirib ki, soyuqdəymə, qızdırma, boğaz ağrısı və sətəlcəm kimi geniş spektrli xəstəliklərə səbəb olan adenoviruslar uşaq hepatiti hallarında "ən çox müəyyən edilən patogen" olub.
Avropada adenovirus uşaq hepatiti hallarının 52 faizində, Yaponiyada isə 9 faizində aşkar edilib. Çox güman ki, uşaq hepatiti hallarının faktiki sayı daha çoxdur, çünki əksər ölkələrdə adenovirusa nəzarət kifayət qədər məhduddur.
Xəstəliklərin harada yayıldığını daha yaxşı başa düşmək üçün ÜST uşaq hepatoloqları və digər həkim-mütəxəssisləri arasında cari halları son beş ildəki məlumatlarla müqayisə etməyə imkan verən qlobal onlayn sorğuya start verib.