İyulun əvvəllərində ölkə mətbuatında dolaşan və hər birimizi sevindirən “İyulun 19-da Zəngilana Böyük Qayıdış başlayacaq”, “Ağalı kəndinin sakinləri geri qayıdır” və digər bu kimi başlıqlı xəbərlər tarixin daha bir ədalət məqamına şahidlik edəcəyini deyirdi. Belə bir deyim var: “Ədalət yavaş yeriyə bilər, amma mütləq gedəcəyi ünvana çatacaqdır”. Tarixin ədalət çarxı isə artıq XX əsrin 90-cı illərindəki kimi yox, onu daha güclü, daha ağıllı fırladan “Dəmir yumruq Azərbaycanı”nın əlindədir. Bu gün Zəngilanın Ağalı kəndinə, həm də “ağıllı” kəndinə qayıdışın ilk günüdür. Bu gün 30 ilə yaxın Vətən həsrəti çəkən zəngilanlıların ürəyində nisgilin sona yetdiyi gündür. Zəngilanın Ağalı kəndi 1993-cü ildə mənfur ermənilər tərəfindən işğal edilmişdi. Bu gün o torpaqlardan didərgin salınan, qurulu ev-eşiyini ardında buraxıb göz yaşları, qəhər, çarəsizlik duyğusu ilə Ağalını tərk edənlərin günüdür. Bu gün Qayıdış günüdür! Həm də Böyük Qayıdış! Qayıtmaq demişkən, yadıma Azərbaycanda istehsal olunan bir sənədli televiziya filmi düşdü. Filmin adı belədir: “Biz qayıdacağıq”. Yəqin ki, bir çoxunuz da izləmisiniz. Filmdə balaca Zakirin timsalında doğma yurd-yuvasına qayıtmağı gözləyən həmvətənlərimizin qayıtmaq ümidini bu gün qüdrətli Azərbaycan reallığa çevirir. Təbii ki, başda Ali Baş Komandanın, bu yolda canından keçən, sağlamlığını itirən, elə Vətən müharibəsində iştirak edən hər bir qəhrəmanın sayəsində.
Bəli, bu gün biz qayıdırıq. Vaxtilə evindən əliyalın çıxan, 1 əşyasını götürsə də, 5-ni götürə bilməyən, canlarını dişlərinə alaraq göz yaşları içində doğma yurdlarından didərgin salınan Ağalı sakinləri, yenə də əşyalarını maşınlara yığırlar. 29 il sonra həm də. Amma bu dəfə fərq ondadır ki, burda sevinc var, həsrət var, həyəcan var, əsas da başıucalıq və qürur var. İstiqamət də fərqlidir... üzü Ağalıya tərəf. Yenidən bu insanların qədəmləri ilə, nəfəsi ilə o kənd daha da gözəlləşəcək, daha da çiçəklənəcək. Ağalı həm də Azərbaycanın ilk “ağıllı” (smart) kəndidir. Dövlət burada vətəndaşı üçün bütün lazımi infrastrukturu yaradıb. Bu haqda videomaterial izləyərkən ilk olaraq diqqətimi çəkən Ağalı kənd meydanında, otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi oldu. Bunun böyük rəmzi mənası var. Qalan işlərə gəldikdə isə, qayıdış prosesi zamanı Ağalıya 4 mərhələdə 41 ailə, təxminən 200 nəfər qaytarılacaq. Burada sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb binası inşa edilib. Ağalı kəndi 200 evdən ibarətdir. Kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Burada "Smart DOST" xidmət məntəqəsi və "Dost Aqropark" fəaliyyət göstərəcək. Onu da deyim ki, kənddə əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.
Bütün bu infrastruktur layihələri 2 ildən də az müddətə başa çatdırıldı. Azərbaycan regionda sülhü, əmin-amanlığı bərqərar edən ölkə kimi, öz məqsəd və missiyalarını “Ağalı”nın timsalında bir daha nümayiş etdirdi. 29 il işıqsız, səssiz qalan Ağalıda bu gün yenə körpə səsləri eşidiləcək, uşaqlar oynayacaq. Evlərdən süzülən işıqlar, qonşuların bir-birini haraylaması, canlanan təsərrüfat həyatı yenə o torpaqlara can verəcək. Necə olsa yadırğamışdı axı bütün bunları Ağalı. Bu gün atılan ilk addım səslərinin ardı kəsilməyəcək. Elə hər şey də ilkdən başlayır. Ağalı kimi neçə kəndimiz, yurd yerimiz qüdrətli dövlətimizin, zəhmətsevər insanımızın hesabına güllük-gülüstanlığa çevriləcək. Düşünürəm ki, bu cür qayıdışlar həm də alınan qisasla birgə ən tutarlı cavabdır. Elə tarix də bunu göstərib dəfələrlə. Qayıdışınız mübarək, əziz zəngilanlılar! Qayıdışımız mübarək, Azərbaycan!
Gülməmməd Əliyev
"NUHÇIXAN" İnformasiya Agentliyinin baş redaktoru