Şahbuz rayonunda bu ilin yanvar-may aylarında 5 milyon 425 min 200 manatlıq sənaye məhsulu istehsal olunub
Şаhbuz Rаyоn İcrа Hаkimiyyətində 2022-ci ilin birinci yаrısındа görülən işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müşavirədə İcrа Hаkimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında rayon icra hakimiyyəti orqanları qarşısına da mühüm vəzifələr qoyulub. Belə ki, şəhər və rayon icra hakimiyyətləri qurulanları qoruyub saxlamalı, abadlıq-təmizlik işlərinə nəzarət olunmalı, reyd komissiyalarının müəyyənləşdirdiyi nöqsanlar aradan qaldırılmalı, vətəndaşlarla iş gücləndirilməli, bələdiyyələr arasında sıx əməkdaşlıq qurulmalı, illik fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqlar icarəyə verilməli, ərazilərin təmizliyi diqqətdə saxlanılmalıdır. Həmçinin icra hakimiyyətləri aid təşkilatlarla birgə əkin strukturuna daxil olan torpaqların əkilməsini diqqətdə saxlamalı, bununla bağlı müvafiq tədbirlər görməli, eyni zamanda dəmyə torpaqlarda taxıl əkini təşviq olunmalı, torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısı alınmalı, əhali məlumatlandırılmalı, xəbərdarlıqlardan nəticə çıxarmayanlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir.
Rəfael Babayev qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı görüləcək işləri diqqətə çatdırıb, rayonda aparılan sosial-iqtisadi inkişafı təhlil edib. Bildirib ki, göstərilən qayğının nəticəsidir ki, tikinti-quraşdırma işlərinə istifadə olunmuş investisiyanın həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 1,6 faiz artaraq 6 milyon 590 min manatdan çox olub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2022-ci ilin yanvar-may aylarında 5 milyon 425 min 200 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. 2022-ci ilin ilk beş ayında bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 129 min 500 manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox vəsait yönəldilib.
Rayonda bu ilin məhsulu üçün 2021-ci ilin payızında 1441 hektarda səpin aparılıb, 2022-ci ilin məhsulu üçün ümumilikdə 1527 hektar sahədə taxıl əkilib.
Vurğulanıb ki, 2022-ci ilin ötən 6 ayında rayonda hərbçi ailələri üçün 6 mərtəbəli yaşayış binası, “Düz” massivində qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Rayonda Maliyyə şöbəsi, Statistika idarəsi, həmçinin məktəbdənkənar müəssisələr üçün inzibati binaların və Külüs, Türkeş, Şahbuzkənd kəndlərində mərasim evlərinin tikintisi davam etdirilir. Şahbuz şəhərində yeni inşa olunan yaşayış binasında 1 şəhid ailəsinə 2 otaqlı mənzil təmir olunaraq verilib. Silahlı Qüvvələr Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib, 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçiyə mənzillər təqdim olunub.
Batabat yaylağında bayram günləri ilə əlaqədar müxtəlif səpkili tədbirlər təşkil edilib, kənd turizminin səmərəliliyi barədə sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Rəfael Babayev təhsil, mədəniyyət, idman, nəqliyyat, turizm, enerji və digər sahələrdə görülən işləri ətraflı təhlil edib, buraxılmış nöqsanları diqqətə çatdırıb, aidiyyəti üzrə tapşırıqlar verib. Bildirilib ki, 2022-ci ilin ikinci yarısında da rayonun sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə işlər davam etdirilməli, müəssisə və təşkilatlarda tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli və sessiyada qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır.
Sonda məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Elçin Hüseynov və rayon Statistika İdarəsinin rəis müavini Heydər Cəbiyevin çıxışları dinlənilib.
Adilə Səfərova