Şərurun Həmzəli kəndində telekommunikasiya şəbəkəsi yenidən qurulur - FOTOLAR
Şərur rayonunun Həmzəli kəndində də yeni sosial obyektlər inşa olunur, geniş abadlıq işləri görülür.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Həmzəlidə yeni inşa edilən kənd mərkəzində rabitə evinin də fəaliyyət göstərməsi nəzərdə tutulur, 192 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının qurulması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur, fiber-optik xətlər çəkilir. Bu məqsədlə 70 ədəd yeni metal rabitə dirəyi basdırılır, 550 metr fiber-optik xətlər və müxtəliftutumlu kabellər çəkilir, yeni paylayıcı şkaf və abonent qutuları əlavə edilməklə telekommunikasiya şəbəkəsi yenidən qurulur.
Bunlarla yanaşı, rayonun Zeyvə, Qarxun, Aşağı Aralıq, Püsyan, Mahmudkənd, Sərxanlı, Düdəngə, Oğlanqala, Məmmədsabir və digər kəndlərində də sakinlərin qarşılaşdığı rabitə xidmətləri ilə bağlı problemlərin aradan qaldırılması üçün yararsız rabitə dirəkləri dəyişdirilib, müxtəliftutumlu kabellər istifadə edilərək rabitə xətlərindəki nasazlıqlar aradan qaldırılıb. Şərur Sənaye Məhəlləsinə və Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə inşa olunmuş kabel kanalizasiya qurğuları vasitəsilə yeraltı olaraq fiber-optik xətlər çəkilib. Müraciətlərinə uyğun olaraq abonentlərə texniki dəstək və metodiki köməkliklər də göstərilib.