Bu ilin 6 ayında muxtar respublikada törədilmiş cinayətlərin açılması 100 faiz təmin edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında nazirliyə müvafiq tapşırıqlar verilib. Belə ki, hüquq mühafizə orqanları profilaktika tədbirlərini davam etdirməli, nizam-intizam daha da möhkəmləndirilməli, ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalıdır. Həmçinin Daxili İşlər Nazirliyi polis sahə inspektorları ilə işə və yol hərəkətinin təhlükəsizliyinə diqqəti artırmalı, elektron idarəetmə vasitələrindən istifadə diqqətdə saxlanılmalıdır.
Nazir qeyd edib ki, 2022-ci ilin birinci yarımili daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, yenidən qurulması və əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərlə xarakterik olub, aidiyyəti dövlət proqramlarından irəli gələn vəzifələr, eləcə də nazirliyin Əsas Təşkilati Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər tam icra edilib.
Bildirilib ki, polis sahə inspektorunun fəaliyyətinin əsasını təşkil edən normativ aktlar, sənəd nümunələri, pasport yoxlaması və yaddaş kitabları, eləcə də digər zəruri vasitələrlə təchiz edilmiş 142 ədəd xidməti çanta əməkdaşlara təqdim olunub. Əməliyyat şəraitinə operativ nəzarət olunması məqsədilə müvafiq proqram təminatına malik olan 48 planşet əməkdaşların xidməti istifadəsinə verilib. Bundan əlavə digər polis sahə inspektorları üçün 52 ədəd müasir tələblərə cavab verən yeni nəsil planşet alınıb ki, hazırda onların xidməti istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir. Bunlarla yanaşı barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyində ilk dəfə olaraq “Elektron Nəzarət Sistemi” qurulub.
Nazirliyin müvafiq xidmətlərinin müasir texnoloji vasitələrlə təmin olunması istiqamətində yol-patrul xidmətinin istifadəsində olan xidməti avtomobillərdə quraşdırılmış köhnə nəsil bort-kompüterlərin müasir tələblərə cavab verən yeni texnoloji vasitələrlə əvəz edilməsi məqsədilə 24 ədəd son model bort-kompüter alınıb. Bundan əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən “Tetra” rəqəmsal radiorabitə sisteminə bağlı olan 70 ədəd gəzdirilən, 20 ədəd mobil, 20 ədəd stasionar tipli olmaqla 110 ədəd “Motorolla” markalı radiostansiya, o cümlədən kriminalistk tədqiqatların daha keyfiyyətli aparılması üçün 3 ədəd istintaq çamadanı, 3 ədəd müasir fotoaparat, 1 ədəd hadisə yerində izlərin fotoşəklini çəkmək üçün “Popillon Fosko” cihazı, DNT nümunələrinin götürülüb qablaşdırılması üçün DNT çubuqları və zərflər alınaraq aidiyyəti xidmətlərin istifadəsinə verilib.
Vurğulanıb ki, 2022-ci ilin I yarımilində Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilmiş cinayət hadisələri üzrə 14 cinayət işi başlanaraq istintaqı aparılıb. Hesabat dövründə muxtar respublikada törədilmiş cinayətlərin açılması 100 faiz təmin edilib, dövlət hakimiyyəti əleyhinə, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən və ya insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb. Bunlarla yanaşı yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində materiallar hazırlanaraq kütləvi informasiya vasitələrində təqdim edilib.
Nazir diqqətə çatdırıb ki, hesabat dövründə daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik-maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən 125 müxtəlif növ silah, o cümlədən 2 avtomat, 2 tapança, 3 Toz-8, 80 ov silahı, 19 qaz tapançası, 2 kustar üsulla hazırlanmış tapança, 2 kustar üsulla hazırlanmış tüfəng, 13 tir silahı, 1 idman tapançası, 1 siqnal tapançası, 2 fişəng atan qurğu, 6730 ədəd müxtəlif növ sursаt könüllü olaraq təhvil verilib.
Daxili işlər naziri narkotik, qanun pozuntuları, ictimai təhlükəsizlik və digər sahələrdə görülən işləri də ətraflı təhlil edərək polis orqanlarına müvafiq tapşırıqlar verib. Xüsusilə xırda talama, ərazilərə məişət tullantılarının atılması, sayğacdan kənar qanunsuz olaraq su, qaz və elektrik enerjisindən istifadə hallarının aşkar edilməsi və qarşısının alınması, həmçinin torpaqların zəbt edilməsi faktlarının aşkar edilib aidiyyəti dövlət orqanlarının məlumatlandırılması istiqamətində fəaliyyəti daha ciddi və səmərəli qurmağı tapşırıb.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Qasım Həsənov, İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru İman Quliyev, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini polis mayoru Elvin Səfərli, Kadrlar Şöbəsinin rəisi polis mayoru Rahin Əmirov çıxış ediblər.
Sonra müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olunub.
Nazir iclasa yekun vuraraq bildirib ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları əmin edir ki, bundan sonra da qаrşıdа durаn vəzifələrin icrаsına, ictimаi аsаyişin və təhlükəsizliyin etibаrlı qоrunmasına daha məsuliyyətlə yanaşılacaq, cinayətkarlığa qarşı mübarizə sahəsində qətiyyətli mövqe nümayiş etdirilərək muxtar respublikanın cinayətsiz region statusu qorunub saxlanılacaq.
Turab Hacızadə