Bu ilin 6 ayı ərzində 183 istedadlı qadının 10 min manatdan artıq dəyərdə əl işi satılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2022-ci ilin 6 ayı ərzində görülən işlərlə bağlı iclas keçirilib.  İclasda komitənin sədri Ramilə Seyidova bildirib ki, bu il  muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılıb.

Komitə tərəfindən qadınlarla bağlı icra olunan sosial layihələr barəsində məlumat verən Ramilə Seyidova qeyd edib ki, hesabat dövrü ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi keçirilib. Layihə çərçivəsində muxtar respublikanın bütün rayonlarından xüsusi qayğıya ehtiyacı olan 70 qadının iştirakı ilə “Gələcəyini planlaşdır” və “Sahibkar ol” təlimləri təşkil olunub, hər bir qadının fəaliyyət istiqamətlərinə görə biznes planı hazırlanıb.Təlim iştirakçısı olan qadınlara Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunub. Layihənin icra müddəti cari ilin sonunadək nəzərdə tutulur, iyul-avqust aylarında isə sərmayə kapitalının verilməsi planlaşdırılır. Ötən dövrdə qadınlarla bağlı həyata keçirilən layihələrdə sərmayə kapitalı alan 28 qadının iş yeri və təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar monitorinqlərin də aparılması davam etdirilib.

Bildirilib ki, ötən dövr ərzində bədii tikmə və xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı 5 təlim keçirilib, 31 qadının peşə kurslarına cəlb olunması üçün tədbirlər görülüb. Muxtar respublikanın turistik mərkəzlərində istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlarda, əl işləri mağazalarında, keçirilən sərgi-satışlarda, yarmarkalarda,  festivallarda qadınların əl işləri  sərgilənib və 183 qadının 10 min manatdan artıq dəyərdə əl işləri satılaraq sahiblərinə təqdim olunub.

Ramilə Seyidova  komitə tərəfindən  uşaqların hüquqlarının qorunması istiqamətində görülən tədbirlər barədə də məlumat verərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası üzrə 1909 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılıb. 20 sağlamlıq imkanları məhdud uşağın evində monitorinq keçirilib, uşaqların potensiallarına uyğun olaraq 3 uşaq məktəbəqədər müəssisəyə, 1 uşaq tam orta məktəbə cəlb edilib. Həmçinin 12 uşaq müəssisəsində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 6 uşağın yaşadığı ünvanda, 191 uşağın təhsil aldığı 46 uşaq müəssisəsində monitorinqlər aparılıb. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 1361 uşaq haqqında məlumat daxil edilib.

Sonra məruzə ətrafında Komitənin sədr müavini Aytən Məmmədova, şöbə müdiri Vüsalə Vəliyeva çıxış edib, iclasın gündəliyində  duran  digər məsələlərin müzakirəsi  həyata keçirilib. Komitə tərəfindən 2022-ci ilin ikinci yarısında görüləcək işlərlə bağlı tapşırıqlar verilib, Kollegiya iclasının qərar layihəsi qəbul edilib.

                                                                                          

  Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: